Millimizin baş məşqçisi: “Onlara rəqib olmaq istəmirdik”
- 14 Noy 2019 18:10
- 1106
Umberto Orta Domingez kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi fəaliyyətinə başlayıb.
Rekord.az xəbər verir ki, komandanı artıq bir araya gətirən kubalı mütəxəssis Azərbaycan Boks Federasiyasının saytına açıqlama verib.
O, öncə Bakı və Azərbaycan boksçuları barədə danışıb: “Əvvəllər Bakıda olmuşam. Dünya çempionatı zamanı paytaxtınıza gəlmişdim. Yəni Bakı, Azərbaycan haqda məlumatım var, insanlarınızın xarakterinə, qonaqpərvərliyinə bələdəm. Azərbaycan boksçularına gəldikdə, onlar barədə əvvəldən də çox şey bilirəm. Beynəlxalq arenada yüksək nailiyyətlər əldə edirlər. Kuba yığmasında çalışdığım zaman Azərbaycan boksçularından həmişə çəkinmişik və onlara rəqib olmaq istəmirdik. 3 il Rusiya işləmişəm. Orda millidə də çalışmışam. Bu da Azərbaycan komandasını daha yaxşı tanımaq baxımından əhəmiyyətli rol oynayıb”.
Domingez bildirib ki, əsas hədəfi ölkədə ən güclülərdən komanda formalaşdırmaq və qarşıdakı hər bir yarışda inamlı çıxış etməkdi: “Noyabrın sonlarında Azərbaycan çempionatı olacaq. Yarışın nəticəsinə uyğun kollektiv formalaşdıracağıq. Qaliblər komandaya cəlb ediləcəklər. Bundan sonra onların hər birini yoxlayacağıq, fiziki durumunu nəzərdən keçirib, səviyyəsini daha yaxşı biləcəyik. Ardınca məşqləri davam etdirəcəyik. Əsas diqqət texniki və fiziki hazırlığa yönələcək”.
18 dünya birinciliyi, 1 dünya çempionatı və 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxaran təcrübəli mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmağı planlaşdırdıqlarını da vurğulayıb. O, 6 vəsiqə əldə edəcəklərinə inam ifadə edib: “Məsuliyyətimizi bilirik. Çalışacağıq ki, maksimum sayda vəsiqə əldə edək. Amma 8 çəki dərəcəsindən 6-da lisenziya qazansaq, bu, çox gözəl olacaq. Hələlik əsas hədəfimiz budu”.
Domingez gələn il martın 13-23-də Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdəki Dünya Olimpiya Təsnifat Turniri ilə bağlı hazırlıq planını da açıqlayıb: “Azərbaycan çempionatının yekununa əsasən bir araya gələcəyik. Öncə bir neçə milli komanda ilə birgə təlim-məşq toplanışımız olacaq. Yanvarda ölkə xaricinə çıxacağıq, hazırlığı orada davam etdirəcəyik. Fevralda dağlıq ərazidə məşq planlaşdırırıq. Martda ilk lisenziya turnirinə qatılacağıq. Burada qazanacağımız vəsiqələrin sayından asılı olaraq, növbəti lisenziya turnirinə hazırlaşacağıq”.
Dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanan 53 yaşlı çalışdırıcı Tokio-2020-də 10-cu çempionluğu əldə etmək istəyini də gizlətməyib: “Komandada motivasiya çox yüksəkdi. Buna əsasən deyə bilərəm ki, istəyimizə doğru inamla addımlayacağıq. Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm. İnanıram ki, bunu bacaracağıq”.