Millimizin iki üzvü Macarıstan derbisində qarşılaşdı, oyunun ən yaxşıları oldular
- 04 Dek 2023 15:39
- 334
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının iki üzvü Macarıstan çempionatında üz-üzə gəliblər. "Rekord.az" xəbər verir ki, 6-cı tur çərçivəsində blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" və hücumçumuz Marqarita Stepanenkonun formasını geyindiyi "Bekescsaba" qarşılaşıblar.
Derbi kifayət qədər gərgin keçib. Tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Maraqlı mübarizədə keçən həlledici hissədə Ayşən və rəfiqələri daha dəqiq oynayıblar və meydandan 3:2 hesablı qələbə ilə ayrılıblar.
Bu görüşdə millimizin və "Vasas"ın kapitanı Abduləzimova 25 xal qazanmaqla komandasının ən məhsuldar oyunçusu olub O, 70 faizlik hücum və 6 blokla bu göstəricilər üzrə də hamıdan yaxşı nəticə göstərib.
Gözəl oyunla yadda qalan Stepanenko da komandasının ən yaxşısı olub. O, 32 dəfə fərqlənməklə həm də qarşılaşmanın ən məhsuldar oyunçusu olub.