Qadınlardan ibarət cüdo üzrə yığmanın bu il üçün proqramına əsasən, komanda üzvlərinin Paris və Tel-Əviv “Böyük Dəbilqə” turnirlərində iştirakı nəzərdə tutulmayıb.

Rekord.az xəbər verir ki, bu barədə fanat.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. 

Saytımıza danışan qurumun mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova səbəbi belə açıqlayıb:

"Yığma komandanın aparıcı üzvləri Leyla Əliyeva və Gültac Məmmədəliyeva ötən ilin sonunda əməliyyat olunduqlarından məşqlərə yeni başlayıblar və hələ əsas reytinqli turnirlərdə iştirak etmək üçün formada deyillər. 
Digər idmançılarımız isə yeniyetmə və gənc olduqlarından, onları öncə daha aşağı səviyyəli turnirlərdə sınayacağıq. Portuqaliya Qran-Prisində planlaşdırdığımız iştirak idmançılarımızın PCR testlərinin pozitiv çıxması səbəbindən təəssüf ki, mümkün olmadı. Ötən həftə Bosniya və Herseqovinada bəzi idmançılarımızı sınadıq. Növbəti sınaq isə 5-6 mart tarixlərində Praqada keçiriləcək Açıq Avropa turnirində olacaq. Həmin turnirdən sonra yığmanın aparıcı üzvlərinin Avropanın qadın cüdosunda nüfuzlu ölkələrinin təmsilçiləri ilə birgə təlim-məşq toplanışları nəzərdə tutulub. Həmin təlim-məşq toplanışlarından sonra martın axırı Tbilisidə keçiriləcək Böyük Dəbilqə turnirində hansı qadın idmançılarımızın sınaqdan keçiriləcəyi müəyyən ediləcək.

Əlavə edim ki, federasiya rəhbərliyi tərəfindən qadınlardan, gənc və yeniyetmə qızlardan ibarət milli yığma komandaların hazırlığı üçün bütün şərait yaradılıb. Dekabrın sonunda ölkədaxili təlim-məşq toplanışı, yanvarın əvvəlində Antalyada beynəlxalq təlim-məşq toplanışı və yenə də fevralın əvvəlində ölkədaxili təlim-məşq toplanışı təşkil edilib. Hazırlıq üçün lazım olan bütün digər məqamlar da nəzərə alınıb".

Qeyd edək ki, 17-19 fevralda Təl-Əvivdə keçiriləcək "Böyük Dəbilqə"də Azərbaycanı 12 kişi cüdoçu təmsil edəcək.