Millimizin kapitanı: "Biz sonadək mübarizə aparacağıq"
- 14 Avq 2023 16:37
- 437
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinə hazırlıqları Sloveniyada davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamızın kapitanı Ayşən Abduləzimova təlim-məşq toplanışları və yarış haqqında danışıb. Təccrübəli blokçumuzun fikirlərini təqdim edirik:
“Klub sezonunu mayda başa vurdum. Çox şükür mövsümü çempionluqla bitirdim. Daha sonra qısa müddət istirahət edib milli komandaya qoşuldum.
Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaqdır. Bundan sonra artıq addım-addım, bacardığımız qədər irəli getməyi hədəfləyirik.
Bosniya və Herseqovinada, Bakıda və Sloveniyada müxtəlif komandalarla bir sıra yoxlama oyunları keçirdik. Bu oyunlar çatışmazlıqları və səhvlərimizi görməyə imkan yaratdı. Həmçinin bu yoxlama matçları baş məşqçiyə Avropa çempionatı üçün əsas heyəti müəyyənləşdirməyə də kömək oldu.
İnşallah çəkdiyimiz zəhmətin nəticəsini görərik. Komandamızda ana olan oyunçularımız da var, onlar hazırda övladlarından ayrıdırlar, ölkəmizi təmsil edirlər. Onlara da çətindir. Həmçinin bəzi zədələrimiz var.
Buna baxmayaraq, biz sonadək mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxaq və uğurlu nəticə qazanaq.
Bizi dəstəkləyən azarkeşlərə, yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm”.