Millimizin məşqçisi ABŞ-da taksi sürücüsü işləyir
- 11 Apr 2020 15:47
- 686
Bir neçə gün əvvəl Arzu Mirzəyevin səsləndirdiyi cümlə diqqətimi çəkmişdi: “Azərbaycanın Pro kateqoriyalı, millidə, Hindistanda işləmiş gəncəli məşqçisi Amerikada "taksovatlıq” edir”. Və elə bu cümlə söhbətin kimdən getdiyini müəyyənləşdirməyə kifayət etmişdi.
Ötən mövsüm birinci divizionda “can verən” “Kəpəz”ə Etibar İbrahimov rəhbərlik edirdi. Vaxtilə “Kəpəz”də, U-15, U-16, U-17, U-19 yığmalarında köməkçi məşqçi kimi çalışmış, Hindistanın U-17 yığmasında Nikolay Adamın “sağ əli” olmuş, Pro kateqoriyasına sahib əsl gəncəli balası.
Lakin mövsüm bitəndən sonra “Kəpəz”dəki futbolçuların böyük əksəriyyəti kimi 42 yaşlı mütəxəssis də komandanı tərk etdi. Hamı kölgəyə çəkildi,
“Kəpəz” yenidən yığıldı, baş məşqçisi də Yaşar Vahabzadə oldu. O gün-bu gün, Etibar İbrahimovdan səs-soraq yoxdu. Halbuki heç vaxt işsiz qalmazdı.
Nə isə, başağrısı vermədən keçək Gəncədə axtarıb, Miçiqanda tapdığımız Etibar İbrahimovla söhbətə (Futbol+).
- Qeybə çəkilmisiz...
- Hamı kimi evdə oturub dincəlirik, imkan olanda məşq edirik. Sakitlikdi.
- “Vatsap” nömrəniz ABŞ-da olduğunuzu deyir. Elədi?
- Elədi, qardaş, elədi.
- Gəncədən birbaşa Amerikaya. Nə əcəb? Nə münasibətlə?
- Təsadüfi, qarışıq və bir anın içində baş verən məsələdən doğan səfər oldu. Uzun məsələdi, danışmaqla qurtarmaz (gülür).
- Tələsən yerimiz yoxdu. Danışın, qulaq asaq.
- Danışım da... Əslində bunu indiyə qədər açıqlamırdım. Amma artıq o mövzu qapanıb deyə, problem yoxdu. Bir müddət öncə Frankfurt “Ayntraxt”ı ilə müqavilə bağlamağa yaxın idim. Bildiyiniz kimi, 2019-un martında “Ayntraxt”ın düşərgəsində olmuşdum. Almaniyada olduğum vaxt Nikolay Adam mənə ABŞ-ın Miçiqan ştatında “Ayntraxt”ın akademiyasının fəaliyyətə başlayacağını və bu yöndə müzakirələrin aparıldığını deyib, Amerikada işləmək istəyində olub-olmadığımı soruşmuşdu. Maraqlı təklif idi, razılaşmışdım. Avqustda viza düzəltməyə başladım və artıq həmin ayın sonunda ABŞ-a rahat yollanmaq üçün sənədim hazır idi. Amerikadan zəng gözlədiyim vaxtda Nikolay əlaqə saxlayıb Hindistandan onu aradıqlarını bildirdi. Yanvarda Hindistan “Kelo Geym” adlı olimpiada baş tutmalıydı və “Ayntraxt” da həmin turnirdə brend kimi təmsil olunmalıydı. Mən regionun U-19 və U-21 yığmalarına rəhbərlik etməliydim. Məndən başqa daha iki alman məşqçi cəlb olunmalıydı.
- Sonra nə oldu?
- Nikolay Adam bu layihənin rəhbəri kimi oktyabrın 15-də Çinə uçub orda bizə qoşulmalıydı. Bu ərəfələrdə “Ayntraxt”ın Miçiqandakı akademiyasını müvəqqəti ikinci plana keçirmişdik. Açığı, səfərə hazırlaşdığım vaxtda Azərbaycandan da bir neçə təklif almışdım. Amma danışıq məsələsində dərinə getmədim. Çünki “Ayntraxt”la müqavilə bağlamaq mənim üçün daha arzuolunan idi.
- Azərbaycandakı təkliflər premyer-liqa təmsilçilərindən idi?
- Birinci divizionda ilk sıralarda gedən komandalardan biri idi. Ad açıqlamağım etik cəhətdən düzgün olmaz, çünki artıq baş məşqçiləri var. Həmçinin premyer-liqa təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandalarında işləməklə bağlı iki təklif olmuşdu. Halbuki həmin klublarda hər cür şərait var idi. Sadəcə, bütün fikrimi “Ayntraxt”a kökləmişdim.
- “Ayntraxt” və “Kelo Geym” məsələsi nə yerdə qaldı?
- Elə oldu ki, oktyabrda bu məsələ bir az uzandı, qaldı noyabra. Bu ərəfədə “Ayntraxt”ın Hindistanla bütün yazışmalarından xəbərdar idim, daha doğrusu, məktublaşmanı görürdüm. Dediyim kimi, işin içindəydim. Buna qədər “Ayntraxt”a xarici hesab nömrəmi və geyim ölçümü göndərmişdim. Hindistan tərəfi işi uzadırdı deyə, “Ayntraxt” onlarla bütün əlaqələrini kəsdi. Bizim başa düşəcəyimiz dildə deyim, “bu gün-sabahlar” almanları bezdirdi. Nəticədə “Kelo Geym” məsələsi alınmadı.
- Bəs Miçiqanda açılmalı olan akademiya?
- Artıq il sona yaxınlaşırdı, ABŞ vizam hazır idi, mən isə Azərbaycanda oturub Adamdan cavab gözləyirdim. Dekabrda Nikolaya akademiya ilə bağlı sual verdim, o isə cavabında işlərin davam etdiyini, ən qısa zamanda cavab alacaqlarını bildirdi. Artıq evdə oturmağın anlamı yox idi. Həm vizamın vaxtından gedirdi, həm də mövsümün əvvəlində Azərbaycandakı təklifləri geri çevirmişdim deyə, ən ağıllı seçim bura gəlmək idi. Dörd oğlan övladımı dolandırmaq üçün evdə oturub gözləməyi mənasız saydım. İndiyə qədər bir çox ölkələrdə olsam, hətta Braziliyaya səfər etsəm də, ABŞ-da olmamışdım. Açığı, özümə də çox maraqlı idi. Həm yeni ölkə ilə tanışlıq, həm futbol sarıdan bəxtimi sınamaq, həm də Miçiqandakı akademiyadan cavab gözləmək. Beləcə dekabrın 25-də vətəni tərk etdim.
- Və 13 saatlıq uçuşdan sonra okeanın o tayına çatdız...
- Gəlib çatdım, yerləşdim, yeni insanlarla tanışlıq imkanı qazandım. Elə alındı ki, yanvarın 25-də Nikolay Adamla Vaşinqtona yaxın Baltima şəhərində məşqçilərin konqresində görüşdüm. Orda eşitdim ki, “Ayntraxt”ın Miçiqanda akademiyasını açmaq istəyən insan özünü müflis elan edib. Nəticədə bu layihə də alınmadı. Həyatın qanunudu sanki, yaxşı xəbər, yaxşı iş olanda hamısı birdən gəldiyi kimi, bəzən bəd xəbərlər də sıralanır.
Artıq Amerikdaydım və geri qayıtmağın adı yox idi. Gələcəklə bağlı planlar qurduğum anda Adam növbəti dəfə zəng edib aprelin 6-da yığmalardan biri ilə müqavilə bağlamaq üçün Sinqapura uçacağımızı və bunun üçün hazırlıqlı olmağımı tapşırdı. Neçə vaxt idi hər ikimiz apreli gözləyirdik ki, koronavirus problemi ortaya çıxdı və səfərimiz ləğv olundu. Üstəlik, aprelin 2-də MLS təmsilçisi “DC Yunayted” rəsmiləri ilə görüşməliydim. Epidemiyaya görə klublar da karantindədi deyə, görüşümüz hələ baş tutmayıb.
- Planlar baş tutmayandan sonra yəqin ki ABŞ-da işsiz qalmadız.
- Xeyr-xeyr. Burda işsiz qalmaq mümkün deyil. Amerikada azərbaycanlı qardaşımız, MMA üzrə dünya çempionu olan Hüseyn Əliyev var. Xeyli vaxtdı burda yaşayır. Aprelin 11-də Hüseynin döyüşü olmalıydı, yeri gəlmişkən, epidemiyaya görə o da təxirə salındı. Mənimlə görüşəndə fitnes baxımından geri qaldığını deyincə, Hüseynlə fiziki hazırlıq məşqlərinə start verdik. Elə alındı ki, idman zalında Hüseynlə çalışa-çalışa ödənişli fitnes məşqləri keçmək təklifi aldım. Yetərincə də yaxşı təklif idi. Futbolla bağlı suallara cavab gələnə, koronavirus təhlükəsi səngiyənə qədər başımı nə iləsə qatmalı, özümü və ailəmi dolandırmalıydım. Fitnes fəaliyyətinə start verdiyim yerdə bu dəfə karantin rejimi elan olundu və bütün zallar bağlandı.
- Bəs indi nə işlə məşğulsuz, nə ilə dolanırsız?
- Dolanmaq, pul qazanmaq üçün əlimizdən gələni etməliyik. Maşın da sürürük, hər bir şey də edirik, təki gündəlik tələbatımızı ödəyə bilək.
- Bu dəqiqə konkret nə işlə məşğulsuz?
- Maşın almışam, maşınla müəyyən işlər görürəm. Qazancın yalnız futboldan çıxması o demək deyil ki, futbol olmayanda acından ölməlisən. Kişi gərək hər vəziyyətdən çıxmağı bacarsın. Hazırda sürücülüklə məşğulam.
- Arzu Mirzəyev mətbuata açıqlamasında “Azərbaycanın Pro kateqoriyalı, millidə, Hindistanda işləmiş gəncəli məşqçisi Amerikada "taksovatlıq” edir” sözlərini dilə gətirib. Həmin şəxs sizsiz?
(davamı olacaq)