Millimizin sabiq baş məşqçisi Faiq Qarayevə "Əmək" ordeni təqdim edilib
- 31 Okt 2019 09:25
- 2338
Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti, qadınlardan ibarət millimizin sabiq baş məşqçisi Faiq Qarayevə bir neçə gün əvvəl layiq görüldüyü 2-ci dərəcəli "Əmək" ordeni təqdim edilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev təcrübəli mütəxəssisi idmanın inkişafındakı xidmətlərinə görə bu mükafatla təltif edib.
Mükafatın təqdimetmə mərasimi Bakı Voleybol Mərkəzində təşkil olunub. Tədbirdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və AVF rəhbərliyi, həmçinin müxtəlif voleybol klublarının rəsmiləri iştirak ediblər.
Tədbiri AVF-nin prezidenti Cavid Qurbanov açıb. Faiq Qarayevin karyerasından danışan C.Qurbanov bildirib ki, təcrübəli mütəxəssis bütün həyatını voleybola həsr edib. Federasiya rəhbəri voleybola gəlişində məhz F.Qarayevin rolunun olduğunu da əlavə edib.
Yay Olimpiya Oyunları istisna olunmaqla, bütün mötəbər yarışlarda komandalarımızın iştirakından danışan C.Qurbanov Faiq Qarayevin ölkə başçısının təşəbbüsü ilə Türkiyədən vətənə dönməsini də xatırladıb: “O, "Əməkdar məşqçi"dir. Həmçinin cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb. İndi isə "Əmək" ordeni ilə təltif edilib".
Sərəncam oxunduqdan sonra Cavid Qurbanov Faiq Qarayevə ordeni təqdim edib.
Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə F.Qarayev haqqında danışıb. O, yığmanın sabiq baş məşqçisinin bütün dünyada tanındığını xüsusi vurğulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov F.Qarayevi nazir Azad Rəhimovun adından təbrik edib, onun karyerasından, uğurlarından söz açıb.
Daha sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Fərid Cəlalov və AVF-nin mətbuat katibi, veteran voleybolçu Şəfəq Kərimova çıxış edərək F.Qarayevin Azərbaycan voleybolundakı rolundan danışıb, onun bu sahədə işini yüksək qiymətləndiriblər.
Çıxış edən Faiq Qarayev mükafatla təltif edildiyi üçün cənab Prezident İlham Əliyevə minnətdarlıq edib. O, qeyd edib ki, ölkə başçısının ona telefon açması həyatında böyük hadisədir. Vitse-prezident bu danışıqdan sonra özündə xüsusi güc hiss etdiyini, daha çox çalışmaq istədiyini də deyib.
O, Cavid Qurbanovun da Azərbaycan voleybolunda rolundan danışıb. F.Qarayev hazırda yeni nəslin yetişdiyini və tezliklə bu diqqətin bəhrəsini görəcəklərini söyləyib.
Tədbirdə AVF-in Rəyasət Heyətinin adından qurumda işləyən və Azərbaycan voleybolunda xidmətləri olan Oqtay Musayev, Rafiq Rəsulov, Zöhrab Gözəlbəyli, Nərgiz İsmayılova və Nona İsmayılovaya yubileyləri münasibəti ilə xüsusi diplomla və mükafatlar verilib.