Rumıniya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 4-cü turda "CSM Corona Brasov" klubu ilə üz-üzə gəlib.
Görüş kifayət qədər gərgin keçib. Tərəflər hərəyə iki set qazandığından matçın taleyini tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə isə rəqib daha dəqiq oynayıb və voleybolçumuzun komandası 2:3 (27:25, 22:25, 13:25, 25:16, 14:16) hesabıyla uduzub.
Komandasının qələbəni son anda əldən verdiyi görüşdə yığmamızın üzvü 25 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Ruban bu xallardan 21-ni hücumda, 3-nü blokda, 1-ni isə eyslə qazanıb.