Millimizin üzvü komandasının qələbəsində pay sahibi oldu
- 30 Sen 2020 11:53
- 936
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verri ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Sarıyer BLD" 6-cı tur çərçivəsində "Nilufer BLD" ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan və gərginliyi ilə yadda qalan görüş "Sarıyer BLD" üçün pis başlayıb. Ayşən və rəfiqələri ilk iki seti məğlub başa vurublar. Lakin meydan sahibləri bundan sonra təşəbbüsü ələ ala biliblər. Ardıcıl iki hissəni aktivinə yazdıran voleybolçumuzun komandası matçın taleyini tay-brekə daşıyıb. Həlledici setdə də rəqibini üstələyən "Sarıyer BLD" qarşılaşmadan 3:2 (20:25, 12625, 25:23, 25:23, 15:11) hesablı qələbə ilə ayrılıb.
Komandasının möhtəşəm geridönüşlə qalib gəldiyi oyunda yığmamızın üzvü 11 xal qazanıb. Abduləzimova qonaqları 9 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib.
Qeyd edək ki, "Sarıyer BLD" ilk qələbəsini qazanıb. Bundan əvvəlki qarşılaşmada məğlub olan komandanın ümumilikdə 3 oyununu koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İki oyun komandanın öz oyunçularında, digər görüş isə "Vakıfbank" klubunun üzvlərində virus aşkarlanması səbəbindən baş tutmayıb.