Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin üzvü Dmitri Baranov Monteneqro kubokunu qazanıb. "Rekord.az" xəbər verir ki, blokçumuz bu uğura şərəfini qoruduğu “Budva” komandasında imza atıb.

Baranov qazanılan qələbə ilə bağlı AVF-nin mətbuat xidmətinə təəssüratlarını bölüşün: "Kubok uğrunda yarışda yeddi komanda iştirak edirdi. Rəqiblərimiz layiqli mübarizə apardı, amma biz daha yaxşı oyun nümayiş etdirərək Monteneqro kubokunu qazana bildik. Mövsümün əvvəlindən məqsədimiz bu kuboku qazanmaq və çempionatda birinci yeri tutmaq idi. Bir məqsədimizə çatdıq, inanıram ki, çempionatda da qalib gələcəyik".

Mərkəz oyunçusu qarşıdakı yarışlardan və planlardan da danışıb: "10 gün sonra çempionatın ilk final oyununa çıxacağıq. Bu görüş üçün ciddi hazırlaşırıq. Rəqibimiz kubokun finalında oynadığımız "Buduçnost" komandasıdır. Monteneqro çempionatında final mərhələsi 3 qələbəyə qədər olacaq. İnanıram ki, çempionatın da qalibi biz olarıq.

Çempionat oyunları sona çatdıqdan sonra milli komandanın təlim-məşqlərinə qatılacağam. Vaxtaşırı millinin meneceri ilə əlaqə saxlayıram. Toplanışın nə vaxt olacağı hələ ki, bəlli deyil. Qarşıda milli komandamızı vacib oyunlar gözləyir. Çalışacağam ki, milli komandanın heyətində də uğurlu çıxış edim və birlikdə böyük qələbələrə imza ataq”.