Millimizin üzvü Rusiya kubokunda finala yaxınlaşdı
- 04 Noy 2019 09:45
- 1664
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya kubokunda ilk yarım final oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" bu mərhələdə Krasnodar "Dinamo"su ilə qarşılaşıb.
Sankt-Peterburqda baş tutan görüş Liza və rəfiqələri üçün uğurlu alınıb. "Leninqradka" doğma azarkeşlərini sevindirə bilib. 3 hissə davam etmiş matçda ev sahibi quru hesablı qələbə qazanıb - 3:0 (25:19, 25:19, 25:24).
Bu qələbə ilə voleybolçumuzun komandası final çıxmaq şansını artırıb. Digər yarım final oyununda isə kubokun son sahibi Moskva "Dinamo"su Azərbaycan millisinin digər üzvü Kristina Yaqubovanın formasını geyindiyi 1-ci Liqanın "Lipetsk" klubunu 3:1 (21:25, 25:13, 25:18, 25:19) hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarım finla və final qarşılaşmalarına Sankt-Peterburqun "Sibur Arena"sı ev sahibliyi edir.