Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 15-ci turda "Qalatasaray"la üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. İlk seti uduzan "Çukurova BLD. Adana Demirspor" sonradan ümumi hesabı bərabərləşdirə bilib. Lakin bu, Olena və rəfiqələrinin qazandığı yeganə hissə olub. 4 set davam edən matçda meydan sahibləri 1:3 (18:25, 25:22, 19:25, 23:25) hesabı ilə məğlub olublar. 

Komandasının xalsız qaldığı qarşılaşmada blokçumuz əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə 2 dəfə fərqlənib. O, xallardan birini hücumda, digərini isə blokda qazanıb.