Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi Aleksandr Tarakanov bu gündən işinə start verib.

Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov rusiyalı mütəxəssisi komandaya təqdim edib. O, güləşçilərə tövsiyələrini verməklə yanaşı, yeni çalışdırıcının diqqətinə ilk növbədə millidə nizam-intizamı gücləndirməyin vacibliyini çatdırıb və heç kimə güzəşt edilməməsini bildirib. Daha sonra Aleksandr Tarakanov yığma üzvləriylə söhbət edərək onları özünün iş prinsipləriylə tanış edib. Ardınca millinin baş məşqçi vəzifəsində ilk hazırlıq prosesinə start verən təcrübəli mütəxəssis tez-tez məşqin gedişində müəyyən texniki elementləri idmançıların diqqətinə çatdırıb.