Azərbaycan Basketbol Federasiyası rəhbərliyinin qəbul etdiyi yekun qərara əsasən, kişilərdən ibarət yığma komandamıza yeni məşqçilər korpusu təyin olunub.

Rekord.az xəbər verir ki, millimizdə əsas qərarı verəcək mütəxəssislər Azərbaycan basketbol ictimaiyətinə heç də, yad simalar deyil.

Uzun illər Azərbaycan basketboluna yığma və klub səviyyəsində həm oyunçu, həm də məşqçi kimi xidmət göstərmiş Tahir Baxşıyev və Anar Sarıyev, bundan sonra həmin xidmətin davamını əsas yığmamızda gətirməyə çalışacaqlar. Belə ki, hazırda “NTD-İndiqo” klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Tahir Baxşıyev millinin baş məşqçi postuna, “Neftçi” klubunun baş məşqçisi Anar Sarıyev isə  birinci köməkçi məşqçi vəzifəsində təyin olunub. Bundan əlavə, yığmamızın məşqçilər korpusunda ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Sonuncu iş yeri İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən “Kaseres” klubunun əsas meneceri və idman direktoru olan Alberto Blanko, yığmamızda ikinci köməkçi məşqçi kimi çalışacaq. Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı mütəxəssisin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərimizlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq.

Millimizin ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının ilkin təsnifat mərhələsinin oyunları çərçivəsində, 22 fevral İsveçrə yığmasına qarşı oyun olacaq.