“Millimizin yeni məşqçisi mütləq milli adam olmalıdır”
- 16 Dek 2019 14:20
- 1204
Ötən həftə Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərildi. Cari il fevralın 11-dən millimizə rəhbərlik edən xorvatiyalı mütəxəssisin postu ilə erkən vidalaşmasına ən ciddi səbəb Azərbaycan milli komandasının Avro-2020-nin qrup oyunlarında uğursuz çıxışı oldu. Yurçeviç qrupda cəmi bir xal qazandı ki, bu xalı da öz ölkəsi Xorvatiya ilə Bakıda keçirilən oyunda əldə etdi.
Artıq millimizin baş məşqçisinin kim olması yönündə müzakirələr açılıb. Yerli, yoxsa xarici mütəxəssislərə üstünlük verilməlidir kimi suallara cavab axtarılır. Bu istiqamətdə ən müxtəlif fikirlər səsləndirilir. Əksəriyyət yerli məşqçinin bu posta gətirilməsinin vacibliyini vurğulayır. Amma təcrübə baxımından xarici mütəxəssislərə önəm verilməsindən söz açanlar da az deyil.
Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, V Çağırış Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a bunları dedi: “Millinin yeni məşqçisi mütləq milli adam olmalıdır. Bütün milliləşmiş futbolçuları da kənara atmaq lazımdır. Ancaq yerli futbolçulardan ibarət yeni komanda formalaşdırmaq lazımdır. İndiki şəraitdə futbolumuza onsuz da heç kim heç nə verə bilməz. Çünki ölkə çempionatı olduqca zəifdir. Çempionat güclü olmalıdır ki, milli də güclü olsun. Kimisə qınaq olmaz. Heç Yurçeviçin özünü də qınamaq lazım deyil. Amma uduzuruqsa, burada belə yerli məşqçinin olması daha yaxşıdır. Çünki ən azından azərbaycanlı futbolçuların oynamasında maraqlı olar. Ən sonda bu da öz bəhrəsini verə bilər”.
Kənan Məstəliyev: “Ölkə futbolunda ciddi dəyişikliklərə ehtiyac var”
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev millinin uğursuzluğunda təkcə məşqçinin günahkar görülməsini doğru saymır: “Yurçeviçin göndərilməsi doğru qərardır. Gətirilməsi səhv idi, bunu anlamaq üçün bir seçmə tsikl boşa verildi. Ancaq hər halda ziyanın yarısından dönmək də xeyirdir. Bəli, millimizin uğursuzluğu təkcə baş məşqçidən asılı deyil, amma Nikola heç bizim standartlara da yaxın biri deyildi. Bunu dəfələrlə demişəm, yenə də qeyd edə bilərəm ki, Yurçeviç yaxşı məşqçi idi, ancaq bizə baş məşqçi lazım idi. Bunlar tamamilə ayrı-ayrı məhfumlardır. Millinin başında duran şəxs yalnız ”sən soldan oyna, sən burda dur, o orda dursun, sən ötürmə ver" deməklə kifayətlənməməlidir. Onun xarizması, oyunçular arasında, cəmiyyətdə nüfuzu olmalı, sözü keçməlidir. Yurçeviç isə sadəcə, futbolu normal bilən bir mütəxəssis idi. Bu isə yetərli deyil. Nikola nə meydançaya, nə də ondan kənara, xüsusilə də paltardəyişmə otağına sahib çıxmağı bacardı. Onun yerinə kimin gələcəyinin isə elə bir fərqi yoxdur.
Onsuz da gələn də 40-50 nəfərlik ayağı top tutan futbolçu hovuzundan istifadə edəcək. Premyer-Liqadakı 8 komandadan çıxanlar, üç-beş dənə legioner həyatı yaşayanlarla nəsə böyük iş görmək də mümkün deyil. I Divizion bərbad gündədir, qumarın içində itib-batır, Region Liqası isə həvəskar səviyyədən yuxarı qalxa bilmir. Yəni qısası, futbolçu seçimi məhduddursa, bura böyük xərclər hesabına dəhşətli rəqəmlər xərcləyib əcnəbi məşqçi gətirməyə ehtiyac yoxdur. Gənc, perspektivi olan, qısa müddətdə özünü sübut etmiş bir neçə yerli mütəxəssis var ki, onlara güvənmək, şans vermək olar. Ölkə futbolunda ciddi dəyişikliklərə ehtiyac var. Hazırda sevimli oyunumuz müstəqillik dövrümüzün ən böyük enişini yaşayır. Düşüncə, baxış bucağı, münasibətlər dəyişməyincə, insanların inkişaf üçün çalışmağa stimulu olmayınca, yaradılmayınca, millinin başında Pep Qvardiola, ya da Məmməd Məmməd oğlu Məmmədovun durması arasında heç bir fərq olmayacaq".
“Yeni Müsavat”