Qışda "Mingəçevir"də baş verən ciddi dəyişikliklər komandanın nəticələrinə də təsr elədi, komanda sonuncu pillədən qurtuldu, hətta təhlükəli zonadan da uzaqlaşdı. Lakin son oyunda "Cəbrayıl"a gözlənilməz məğlubiyyət yenidən həyəcan təbili çaldı. Belə ki, bu məğlubiyyətdən sonra "Mingəçevir"i sonuncu pillədən cəmi 3 xal ayırır.

Komandanın baş məşqçisi Füzuli Məmmədov Rekord.az-a açıqlamasında həm son məğlubiyyəti, həm də hazırkı durumu şərh etdi.

O, eyni zamanda qarşıda onları gözləyən son 5 ağır oyun haqda da fikirlərini bölüşdü. Hansı ki, biri əsas rəqiblərindən olan "Difai"yə, digər ikisi isə liderlər "İmişli" və "Karvan"a qarşı olacaq: "Bilirsiniz ki, mən qışda komandanı götürəndə vəziyyət ürəkaçan deyildi. Sonuncu pillədə qərarlaşmışdıq, ən yaxın izləyicidən 6 xal geri qalırdıq. Qısa zamanda komandanı toparlamaq, o vəziyyətdən çıxarmaq çətin idi. Üstəlik, qışda yaxşı futbolçu tapmaq da çətin idi. Buna baxmayaraq, vəziyyətdən çıxa bildik. Keçirdiyimiz oyunlar da çətin oldu. İstər "Qaradağ Lökbatan", istər "Zaqatala", istərsə də digər oyunlar. Son oyunda "Cəbrayıl"a məğlubiyyətə gəlincə, oyunu tam təhlil etmədiyim üçün daha dəqiq səbəbləri deyə bilmərəm. Amma onu deyərdim ki, oyuna yaxşı hazırlaşmışdıq. Ola bilsin bəzi futbolçularda hansısa arxayınçılıq olsun, o da rəqibin durumu, heyətində daha gənc futbolçuların olması ilə əlaqəli ola bilər. Üstəlik, 3-cü dəqiqədə uşaq səhvindən qol buraxdıq, uşaqlarda müəyyən həyəcan, stress yaranmağa başladı, bunun nətiəcəi idi ki, yaratdığımız epizodları da qola çevirə bilmədik və yekunda məğlub olduq. Bəli, hazırda vəziyyətimiz elə də yaxşı deyil, sonuncu pillədə qərarlaşan komandadan cəmi 3 xal öndəyik, digər iki komanda ilə xallarımız eynidir və qarşıda bizi beş çətin oyun gözləyir. Heyətimiz gənc futbolçulardan ibarətdir, amma mən onların hər birinə inanıram və inanıram ki, komandanı daha yaxşı yerlərə gətirəcəyik".