Mirpaşa Miriyevin 100 illiyinə həsr olunan “Redaktor” kitabı çapdan çıxdı
- 07 Sen 2020 23:03
- 1063
Görkəmli idman yazarı, 1950-ci ildən 1987-ci ilədək “İdman” qəzetinin baş redaktoru olmuş Əməkdar jurnalist Mirpaşa Miriyevin anadan olmasının 100 illiyinə həsr edilən “Redaktor” kitabı işıq üzü görüb.
Rekord.az xəbər verir ki, nəşrdə Mirpaşa Miriyevin həyatından, ölkəmizin idman mətbuatında tutduğu mövqedən, bədən tərbiyəsi və idmanın inkişafında, təbliğindəki xidmətlərindən bəhs olunub, vaxtilə mətbuata verdiyi müsahibələr təqdim edilib.
Kitabın “Ön söz”ünün müəllifi Əməkdar jurnalist Qabil Mehdiyevdir. Nəşrdə Əməkdar jurnalistlər Aqşin Kazımzadənin, Oqtay Bayramovun, Əməkdar elm xadimi Ağacan Abiyevin, yazıçı-publisist Cəmil Əlibəyovun, Əməkdar incəsənət xadimi Ayaz Salayevin, Xalq rəssamı Oqtay Sadıqzadənin, Azərbaycan Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədovun və M.Miriyevin qızı Ulduz Miriyevanın xatirələri yer alıb.
Kitabda, həmçinin Mirpaşa Miriyevin müxtəlif illərdə qələmə aldığı “Dəmir qala”, “Bir zavodun idmançıları”, “Kənd idmançıları”, “Çempionlar” və “Yollar birləşir” adlı məqalələri oxuculara təqdim olunur.
“Redaktor” kitabının naşiri AİJF prezidenti, “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev, redaktoru isə Əməkdar jurnalist Oqtay Bayramovdur.
Azərbaycan İdman Jurnalistləri Federasiyasının ilk nəşri olan bu kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. (Azərtac)