MOK İcraiyyə Komitəsinin iclası keçirildi
- 25 Fev 2022 21:00
- 522
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İK-nın yeni tərkibdə iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
Bildirilib ki, 24-30-da Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutacaq Avropa Yeniyetmələrinin 16-cı Yay Olimpiya Festivalında idmanın 11 növü üzrə yarışlar keçiriləcək. Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş festivalda Azərbaycan komandası 122 atletlə idmanın 10 növündə təmsil olunub. Yeniyetmə idmançılar 10 qızıl, 7 gümüş və 6 bürünc medalla komanda hesabında dördüncü yeri tutublar.
9-18 avqustda Türkiyənin Konya şəhərində gerçəkləşəcək 5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələlərinin də müzakirə olunduğu iclasda oyunlarla bağlı son qərarın martın 17-nə planlaşdırılan missiya rəhbərlərinin görüşündə veriləcəyi bildirilib.
İclasda vitse-prezidentlər Fərid Qayıbov, Zemfira Meftəhəddinova, baş katib Azər Əliyev, Mariana Vasileva, Könül Nurullayeva, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov və Hacı Ramil iştirak ediblər.
İştirakçılar Avropa Yeniyetmələrinin 16-cı Yay Olimpiya Festivalı, 5-ci İslam Həmrəyliyi Oyunları və Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbiri haqqında fikir mübadiləsi aparıblar.