Milli Olimpiya Komitəsi (MOK) rəsmiləri Almaniyanın Frankfurt şəhərində təşkil olunacaq Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, fevralın 28-dən martın 1-dək davam edəcək tədbirdə Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.


Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralosun, Almaniya Milli Olimpiya Komitəsinin prezidenti Tomas Veikertin iştirakı ilə bir çox məsələlər müzakirə olunacaq.


BOK-un prezidenti Tomas Baxın açılış nitqi ilə başlayacaq iclasın ilk günündə Milano-Kortina-2026 Qış Olimpiya Oyunları, İstanbul-2027 Avropa Oyunları barəsində müzakirələr nəzərdə tutulub. Tədbir çərçivəsində AOK-un "Strategiya Gündəliyi - 2030" iclas iştirakçılarına təqdim olunacaq, BOK, AOK və MOKA Təşkilat Komitələrinin hesabatları dinləniləcək.


Həmçinin 2025-2029-cu illər üzrə AOK-un İcraiyyə Komitəsinin üzvlərinin seçkilərinin keçirilməsi də gündəliyə daxil edilib. Frankfurtda təşkil olunacaq Baş Assambleya zamanı "Ən yaxşı avropalı gənc atlet" üçün nəzərdə tutulan 13-cü "Pyotr Nurovski" mükafatı və Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeni ilə mükafatlandırılma mərasimi keçiriləcək.


Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin "Olimpiya çələngi" mükafatı öz sahibinə təqdim olunacaq.


Sonra Avropa Gənclər Yay və Qış Olimpiya festivalları, Kiçik Avropa Dövlətlərinin Oyunları, 55-ci AOK Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılacaq.


Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi, MOKA Baş katibi Qunilla Lindberq tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2024-cü il maliyyə hesabatı, 2025-ci ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da dinləniləcək.