“Monako”nun futbolçusu 6 aylıq cəzalana bilər
- 03 Fev 2020 12:20
- 740
“Monako”nun futbolçusu Jelson Martins 6 aylıq cəzalandırıla bilər.
Rekord.az xəbər verir ki, buna onun Liqa 1-in 22-ci turu çərçivəsində baş tutan “Nim”lə səfər oyununda hakimə qarşı idmançıya yaraşmayan davranışı səbəb göstərilir.
Belə ki, portuqaliyalı yarımmüdafiəçi həmin matçın 32-ci dəqiqəsində hakimi sərt şəkildə itələyib. Bu üzdən də o, birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Maraqlıdı ki, Martins həmin anda hakimə digər komanda yoldaşı Tyemue Bakayokoya qırmızı vərəqə göstərdiyi üçün etiraz edirdi. Bu üzdən də baş hakim Mikael Lesaj eyni vaxtda “Monako”nun iki futbolçusunu meydandan qovub.
Amma Fransa mətbuatı Martinsin davranışının ona baha başa gələcəyini iddia edir. İddiaya görə, fevralın 5-də Fransa Futbol Federasiyası onun bu davranışına hüquqi qiymət verəcək və futbolçunu 6 aylıq diskvalifikasiya edəcək.