
Mövsümdə ilk
- 30 Mar 2025 11:40
- 71
Misli Premyer Liqasının 28-ci turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunu erkən qarşılıqlı qollarla əlamətdar olub.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə hər iki top ilk 7 dəqiqəyə təsadüf edib.
Bassala Sambu 3-cü dəqiqədə meydan sahiblərini önə çıxarıbsa, İssuf Paro artıq 7-ci dəqiqədə hesaba tarazlıq gətirib.
Hər iki komandanın belə erkən qol vurması mövsümdə ilk dəfə yaşanıb. Cari çempionatın heç bir matçında ilk 7 dəqiqədə qarşılıqlı qollar qeydə alınmamışdı.
“Neftçi Arena”dakı görüşədək 2 matçda 8-ci dəqiqədə hesab bərabərləşib. 2024-cü il sentyabrın 22-də keçirilən “Səbail” – “Sabah” (2:4) qarşılaşmasında Amir Bilali 4-cü, Coy Lens Mikels 8-ci dəqiqədə fərqlənib. Oktyabrın 5-də baş tutan “Sabah” – “Araz-Naxçıvan” görüşündə (1:1) isə Pavol Safranko 5-ci, Felipe Santos 8-ci dəqiqədə qola sevinib.
“Neftçi” – “Araz-Naxçıvan” matçı ümumilikdə 2 ən erkən qolun vurulmasına görə isə cari mövsümün ikinci göstəricisi ilə yadda qalıb. Mütləq rekord 2024-cü il noyabrın 8-də keçirilən “Neftçi” – “Şamaxı” matçında qeydə alınıb. Həmin görüşdə hər iki qola eyni komanda imza atıb. “Ağ-qaralar” 3 dəqiqədə 2 top vurublar. Dembo Darbo 1-ci, Murad Məmmədov 3-cü dəqiqədə fərqlənib.