Azərbaycan Velosiped İdmanı Federasiyasının 2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, Dağ Velosipedi Parkında MTB üzrə mövsümün açılış yarışı keçirilib.

Rekord.az xəbər verir ki, açıq xarakterli yarışda 30-dan artıq həvəskar və peşəkar velosipedçi iştirak edib.

Enişli-yoxuşlu və sərt döngələrlə zəngin, uzunluğu 4 km-ə bərabər olan marşrut boyunca yeniyetmələr 2, böyüklər isə 3 dairə vurublar. 12 km məsafəni hamıdan tez qət edən Əmral Abduləzizli böyüklər arasında 1-ci yerə layiq görülüb. Nəcəf Bağırov 2-ci, Mirkazım Seyidəliyev 3-cü olub.

Yeniyetmələr arasında isə Maksim Polikarpov bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Axundlu və Çingizxan Məmmədli finiş xəttinə 2-ci və 3-cü gəliblər. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.