Niderland və Polşanın ev sahibliyi ilə keçirilən qadın voleybolçular arasında dünya çempionatı Serbiyanın qələbə ilə yekunlaşıb. "Rekord.az" xəbər verir ki, final matçının ardından turnirin "Dream team"i müəyyənləşib.

Arzular komandasına üç serb, iki italyan və iki braziliyalı daxil edilib. Mundialın "Ən dəyərli oyunçusu" (MVP) isə Serbiya millisinin aparıcı hücumçusu Tijana Boskoviç seçilib. Bu, təcrübəli voleybolçunun ardıcıl ikinci MVP mükafatıdır. Belə ki, 2018-ci ildə keçirilmiş dünya birinciliyində Serbiya çempion olmuş, Boskoviç isə MVP seçilmişdi. Beləliklə, Tijana Boskoviç tarixdə ardıcıl ikinci dəfə MVP seçilən ikinci voleybolçu olub. Ondan əvvəl Kiba millisinin blokçusu Regla Torres 1994 və 1998-ci illərdə eyni uğura imza atıb.

Boskoviç turnirin ən dəyərli oyunçusu olmaqla yanaşı, həm də ən yaxşı diaqonal oyunçu seçilib. 

Onu da qeyd edək ki, dünya çempionatının bürünc mükafatçısı İtaliya millisinin əsas hücumçusu Paola Egonu mundialda ən çox xal qazanan və ən çox hücum edən oyunçu olsa da, "Dream team"ə salınmayıb.

Mundialın "Dream team"i belədir:

Ən dəyərli oyunçu - Tijana Boskoviç (Serbiya)

Ən yaxşı diaqonal - Tijana Boskoviç (Serbiya)

Ən yaxşı hücumçu - Gabi Guimaraes (Braziliya), Miriam Sylla (İtaliya)

Ən yaxşı blokçu - Ana Carol (Braziliya), Anna Danesi (İtaliya)

Ən yaxşı libero - Teodora Pusiç (Serbiya)

Ən yaxşı oyunqurucu - Bojana Drça (Serbiya).