Qadın voleybolçular arasında Dünya çempionatında yarımfinal mərhələsinin iştirakçıları bəlli olub. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi ilə keçirilən yarışda Türkiyə millisi növbəti mərhələyə adlaya bilməyib.

1/4 finald qonşu ölkə yığması ABŞ kollektivi ilə üz-üzə gəlib. Türkiyəli voleybolçular bütün gözləntilərin əksinə olaraq rəqibə ciddi müqavimət göstərə bilməyiblər. 3 set davam edən matçda Türkiyə quru hesabla (0:3, 22:25, 15:25, 20:25) uduzub və mundialda mübarizəni dayandırıb. 

Digər görüşlərdə İtaliya Çini 3:1, Braziliya Yaponiyanı 3:2, Serbiya isə Polşanı 3:2 hesabı ilə məğlub ediblər.

Beləliklə, Dünya birinciliyinin yarımfinalında Serbiya-ABŞ və İtaliya-Braziliya qarşılaşmaları baş tutacaq. 

İlk finalçının adı oktyabrın 12-də Serbiya və ABŞ yığmalarının oyunundan sonra bəlli olacaq. Bir gün sonra isə İtaliya və Braziliya növbəti finalçının adına aydınlıq gətirəcəklər.

Qeyd edək ki, turnirə uğurla başlayan və 1/4 finalda mübarizəni dayandıran Türkiyə millisi 8-ci yeri tutub.