Murad Musayev üçün "Sabah" bitib
- 23 Dek 2023 12:03
- 3182
“Beşiktaş” son üç ayda üç məşqçi istefaya göndərib. Bu qatarın sonuncu yolçusu Rza Çalımbay oldu. Meydandan kənarda sinəsinə döyən Rza bəy meydana komanda çıxarandan sonra gördü ki, onun dövrü gedib. Başladı günahı futbolçuların üzərinə atmağa. Konkret hədəf kimi də qapıçı Mərt Günoku göstərib, mətbuat konfransında onun adını hallandırıb. Qapıçının cavabı da gecikməyib, məşqçinin “saçmaladığını” deyib. Bu dəfə Çalımbay “valı geri oxuyub”, isti başla qapıçını günahlandırmağın səhv olduğunu, üzr istədiyini növbəti mətbuat konfransında etiraf edib.
Bizim “Sabah” növbəti dəfə məğlub oldu. Özü də mövsümün açılış turunda 5:0 hesabıyla üstələdiyi, hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alan “Qəbələ”yə. Bir komanda qısa müddət ərzində bu qədər sürətli eniş yaşayırsa, bunun çox ciddi səbəbləri var. “Sabah” avqust ayında bizim çempionatın ən güclülərindən sayılırdı. UEFA Konfrans Liqasında ilk turu uğurla keçən Masazır komandası ikincu turda “Partizan”ı üstələməyə çox yaxın idi. Elə Premyer Liqanın açılış turunda “Qəbələ”nin qapısına beş cavabsız topun vurulması da komandanın gücündən xəbər verirdi. 2-ci turda “Sumqayıt”la oyun təxirə salındı, komanda Serbiyadan məğlub və üzgün qayıtdı. Nə oldusa, bundan sonra oldu.
“Qəbələ”yə məğlubiyyət ikinci dövrəsi başa çatan mövsümdə “Sabah” üçün 8-ci oldu. Daha dörd görüşdə də “Sabah” meydandan bərabərliklə ayrılıb. Murad Musayevin çalışdırdığı komanda 18 tur ərzində cəmi 6 qələbə qazana bilib. Bu qədər maddi imkanlar, yaradılan şərait qarşılığında 6 qələbə və toplanan 22 xal azdır, özü də çox az. Elə komandanın turnir cədvəlində tutduğu yer də bütün bu göstəricilərə adekvatdır. 7-ci pillədə qərarlaşan “Sabah” cəmi üç komandanı üstələyir. “Qəbələ”yə məğlubiyyət indiyə qədər olanlardan bir məqama görə fərqləndi ki, Musayev ilk dəfə komandasındakı problemləri etiraf etdi. Rusiyalı çalışdırıcı indiyə qədər gah hakimlərdən şikayətlənirdi, gah da rəqibin vaxt “öldürməsindən”.
Artıq etiraf edir ki, ötən mövsümkü “Sabah” yoxdur. “Sabah”da forma geyən "kefqom" futbolçular rəqib qapısıyla öz qapılarını üç dəfə dəyişik salıblar. Boyan Letiçin “Araz Naxçıvan”la oyundakı avtoqolu isə əməlli-başlı araşdırma mövzusudur. Mən hələ “Sabah”da qapıçılarla bağlı yaşanan müəmmanı demirəm. Yusif İmanov ötən mövsüm yüksək səviyyədə çıxış edir, inamlı görünürdü. Qısa müddətdə milli komandaya dəvət aldı, əsas heyətə də layiq görüldü. “Ulduz xəstəliyi”, yoxsa “Sabah”da rəqabət görməməsi onun da axırına çıxdı.
Kaşukla Coy Lens-Mikelsin gedişi “Sabah”ı bu vəziyyətə saldısa, Murad Musayev ötən il rəqiblərə meydan oxuyan komandada heç bir iş görmürmüş? Belə çıxır ki, iki futbolçu “Sabah”ı uğura daşıyırmış, bu uğurun memarı kimi protokola Musayevin adı yazılırmış. Hazırda “Sabah”ın heyətində 13 legioner futbolçu var. Hərəsi də bir ölkədən. Amma bu qədər legionerdən komanda düzəldib, “Sabah”ı bataqlıqdan çıxarmaq olmur. Deməli, ya həmin legionerlər yararsızdır, ya da onlardan heyət düzəltməli olan baş məşqçi. Klub rəhbərliyi bu suala cavab tapmalı, azarkeşlərə də hesabat verməlidir.
Yazımın əvvəlində Rza Çalımbayı xatırladım. “Qəbələ” ilə oyundan sonra Musayevdən qapıda heç qapıçıya bənzəməyən Rüstəm Samiqullin dayanmasının səbəbini soruşublar. Siz cavaba baxın: “qapıçılar üzrə məşqçinin seçimi belə oldu”. Bunun adı məsuliyyətdən yayınma deyilmi? Mənə elə gəlir ki, Murad Musayev üçün “Sabah” dəftəri qapanıb. Onu burda saxlayan alacağı təzminat və Rusiyada burda qazanacağı məbləğin təklif edilməməsidir. Siz necə düşünürsüz?