Müstəqillik Gününə həsr olunmuş yarış start götürüb
- 25 May 2023 11:26
- 374
Azərbaycan Voleybol Federasiyası (AVF) Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirir. "Rekord.az" xəbər verir ki, 28 May - Müstəqillik Gününə həsr olunmuş turnirdə Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak edirlər. Qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparırlar.
Bu gün ilk olaraq AVF-nin nümayəndələri və voleybol mütəxəssislərinin iştirakı ilə məşqçilərlə görüş keçirilib. Görüşdə voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışılıb. Tədbirdə hakimlər bugünkü yarışın qaydaları haqqında məlumat veriblər.
Daha sonra oyunların püşkatması keçirilib və qarşılaşmalara start verilib. Bu gün matçlar bitdikdən sonra bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.