Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər
- 04 Dek 2019 17:00
- 840
Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” səfərdə “Sevilya”ya məğlub olmaqla qrupda qaldı.
Rekord.az xəbər verir ki hər kəs qrupdakı rəqiblərin müəyyənləşməsinin ardından ilk dəfə komandamızın növbəti mərhələyə yükəsələcəyinə çox inanmışdı.
Rəqiblərin “dişimizə görə” olması, Ağdam təmsilçisinin avrokuboklardakı ümumi nəticəsi müsbət məqamlar haqda düşünməyimiz üçün əsas idi. Ancaq təəssüf ki, bu, baş vermədi. “Qarabağ” nəinki növbəti mərhələyə yüksəldi, qrup mərhələsinin son oyununa belə ümid saxlamadı. Təbii ki, bunun bir çox səbəbləri var. Hər kəs qrupdakı əsas rəqibin APOEL olmasında həmfikir idi. Artıq planlar yalnız Cənubi Kipr təmsilçisi ilə keçiriləcək iki qarşılaşma üçün qurulurdu. Ancaq “köhlən atlar” əsas rəqiblə iki oyunda cəmi 1 xal qazandı. Sonda ümid çətin İspaniya səfərindən möcüzə ilə dönməyə qaldı. Möcüzə isə baş vermədi. Dünən müraciət etdiyimiz mütəxəssislərlə də bu məsələlər ətrafında danışdıq.
Elşad Əhmədov: “İspaniyaya çox ümidli getmişdik. Biz də yaxşı nəticə gözləyirdik. Ən azı bir xal qazanacağımıza inanmışdıq. Ancaq təəssüf ki, belə olmadı. Həm Sevilyadakı, həm də Lüksemburqdakı oyun xeyrimizə olmadı. Görüşə beşli müdaifə ilə çıxmışdıq. “Qarabağ” həmişə belə oynamır. Ola bilər ki, qol buraxmamaq haqda düşünürdülər. Xüsusilə də rəqibin mərkəzdən hücumlarını dəf etmək istəyirdilər. Rəqib Bakıdakı oyunda da mərkəzdən daha təhlükəli gəlirdi. Ancaq bizim üçün daha vacib oyun APOEL ilə görüşlər idi. Onlara qarşı keçirdiyimiz iki oyundan heç olmasa, birində qalib gələ bilsəydik, bu gün fərqli nəticə olardı. Heç bəlkə də “Sevilya” ilə matça ehtiyac qalmayacaqdı. Açığı, “Qarabağ”ın belə bir qrupa düşməsi şans idi. Bundan sonra belə qrupa düşmək çox çətin olacaq. Demək olar ki, qrup “dişimizə görə”, keçiləsi idi. Ancaq alınmadı. Bu futboldu. “Qarabağ”ın bura çıxmasının özü belə böyük işdi”.
Şahin Diniyev: “Çox təəssüf ki, istədiyimiz olmadı. Hər bir azərbaycanlı “Qarabağ”ın qrupdan çıxıb yeni bir səs-küy yaratmasını, tarix yazmasını istəyirdi. “Qarabağ” bizim yalnız futbol komandamız deyil, həm də siyasi cəhətdən bu adı yaşadandı. Düşdüyümüz qrup keçilməz də deyildi, “dişimizə görə” idi. Aydın məsələ idi ki, “Sevilya” qrupu lider tamamlayacaq. Səfərdə “Dudelanj”ı yenməyimiz bizə böyük ümid vermişdi. Ancaq təəssüf ki, qrupda ikinci yerin taleyini APOEL-lə oyunlar həll etdi. “Qarabağ” hər iki oyunda Kipr təmsilçisindən güclü olsa da, nəticə baxımından istədiyini ala bilmədi. Bu gün desək ki, “Qarabağ”ın APOEL-ə qarşı oyunlarda yaxaladığı imkanlardan istifadə edə bilməməsi ustalıq səviyyəsinə görə idi”, o zaman yanılarıq. Çox düzgün olmaz. Ona görə ki, təmsilçimizin heyətində yer alanlar kifayət qədər təcrübəli futbolçulardı. Mən buna rəqibi dəyərlinməmək də deməzdim. “Qarabağ” peşəkar komandadı. Sadəcə, taktiki cəhətdən və APOEL-in hər 90 dəqiqəni daha düzgün oynaması onlara yaxşı nəticə qazandırdı. Bu oyunlarda məşqçi və futbolçu işini onlar daha yaxşı ortaya qoyduğu üçün istədiklərini ala bildilər. “Sevilya”nın necə komanda olduğu bəllidi. Hansı heyətlə oynayır-oynasın, fərq etməz. Onlar hazırda Avropanın beş güclü liqasından birini təmsil edirlər. Sadəcə, arxayın idilər. Ötürmələrin və pressinqin hesabına “Qarabağ”a təzyiq göstərmək istəyirdilər. Səhv etməyimizi gözləyirdilər. O səhv də oldu. Təmsilçimiz əslində birinci hissədə düzgün müdafiə olundu. Ancaq 90 dəqiqə təzyiq alıtnda oynamaq çətindi. Bu halda hər bir futbolçu səhv edə bilər. İkinci hissədə diqqət bir az azaldı. Güc aşağı düşdü. Rəqib isə usta komandadı. Kiçik şansdan istifadə etdi. Ancaq bu gün hamımızın “Qarabağ”ın üstünə getməsini düzgün saymıram. Rəqabətsiz Azərbaycan çempionatını, millimizin nəticəsini göz önünə gətirəndə, “Qarabağ”ın bügünkü çıxışına alqış düşür. Ən azı bu hissləri bizə yaşadır. Daxili çempionatın zəif olması, “Qarabağ”ın özü ilə mübarizə aparması çox çətindi. Ona görə də bu gün onların üstünə getməyi doğru saymıram. “Qarabağ”ın bizə yaşatdıqlarını unutmaq olmaz”.
Vaqif Sadıqov: “Təbii ki, hamımız heyfsilənirik. “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanmalıydı. APOEL-dən qat-qat üstün oyun sərgilədilər. İstədiyimizə nail olmasaq da, bunu bəxt amilli ilə əlaqələndirirəm. “Sevilya” ilə qarşılaşmada da komandamız oyun intizamını qoruyub saxlaya bilirdi. Ancaq növbəti mərhələyə vəsiqə APOLE-lə oyunlardan asılı idi. Təbii ki, kağız üzərində oyunun favoriti “Sevilya” idi. Ancaq “Qarabağ”ın güclü “Atletiko”ya qarşı necə mübarizə apardığını da görmüşdük. Bu dəfə də inanırdıq ki, İspaniyadan yaxşı nəticə ilə dönəcəyik. Əslində Qurbanov lazım olan nəticəyə uyğun oyun qurmuşdu. Buraxdığımız qola qədər onu tam həyata keçirə bildik. Açığı, bu gün Avropada zəif komanda yoxdu. Biz “Sevilya” ilə oyunla göstərdik ki, necə bir komandaya qarşı mübarizə apara bilirik. Yenə də gələcəyə ümidlə baxmaq lazımdı. İnanıram ki, Azərbaycan çempionu yenə də avrokuboklarda uğurlu nəticə qazanacaq”.
Ağasəlim Mircavadov: “Görüşə beşli müdafiə ilə başlamışdıq. Açığı, “Sevilya” o qədər də üstün oynamadı. Bəli, topu özündə saxlasa da, “Qarabağ” onlara çox şans vermədi. Ancaq “Qarabağ”ın da çox şansı olmadı. Onlara qarşı əks-hücumda oynamaq lazım idi. Bu isə bizdə alınmadı. Beşli müdafiə ilə bunu etmək çətindi. “Sevilya”nın əsas oyunçuları da yox idi heyətdə. Onlar artıq mərhələni adlamışdılar. Ancaq yenə də çox epizodumuz olmadı. Ümumiyyətlə, “Qarabağ” APOEL-dən də, “Dudelanj”dan da üstün futbol göstərdi. Avrokuboklarda bu cür oyunlarda sənin komandanda lider olmalıdı. Qol vuran oyunçu lazımdı. Belə oyunçun olmayanda isə yaxşı kollektiv oyun göstərməlisən. Ki, əks-hücumlardan yaxşı istiifadə edə biləsən. İkisindən biri mütləq olmalıdı. Avropada uğur qazanamaq istəyirsənsə, bunlar vacibdi. Təbii ki, səhvlər ola bilər. İşləyən adamda səhv olmalıdı. Ancaq gəlin etiraf edək ki, başqa qruplarla müqayisədə ən şanslı qrup bizimki idi. Allah kərimdi, qismət olarsa, belə şans bir də düşər”.