Mütəxəssislərdən Rəşad Sadıqova dəstək
- 29 Okt 2019 17:00
- 1148
“Qarabağ” Avroliqqnın qrup mərhləsinin 3-cü turunda, doğma meydanda APOEL ilə heç-heçə etdi (2:2). Komanda hesabda önə keçsə də, müdafidəki səhvlər qələbə qazanmağa mane oldu. Qrupda ikincilik uğrunda əsas rəqibi məğlub edə bilməsək də, hələlik 4 xalla ikinci yerdəyik. Ancaq onu da nəzərə almaq lazımdı ki, növbəti turda ağdamlılar səfərdə APOEL ilə qarşılaşacaq. Təmsilçimiz növbəti mərhələ şansını yaxşılaşdırmaq üçün həmin oyunda da məğlub olmamalıdı. Həm “Tofiq Bəhramov”da qaçırılan qələbə, həm də bu rəqiblə səfərdə baş tutacaq oyunla bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Samir Musayev: “Komandamız əslində pis oyun göstərmədi. Ancaq rəqib komanda çox istəkli idi. Standart vəziyyətlərdə bizi üstələdilər. “Qarabağ” isə çoxsaylı əlverişli fürsətlərdən yararlana bilmədi. Hesabda önə keçəndən sonra arxayınlıq yarandı deməzdim. Rəqib oyunçular Bakıya mütləq xal qazanmaq istəyi ilə gəlmişdilər. Çünki iki oyundan sonra xalları yox idi. Üstəlik, “Qarabağ”ı yaxşı tanıyırdılar. Çempionlar Liqasının təsnifat mərhələsində komandamızı mübarizədən kənarlaşdırmağı bacarmışdılar. Məncə, “Qarabağ”ın hələ də yaxşı şansları var. Üstəlik, “Qarabağ” səfərdə daha yaxşı oynayır. Düşünürəm ki, bu komandadan səfərdən alınacaq 1 xal da bizi qrupdan çıxara bilər... Rəşad Sadıqovun etdiyi səhvdən sonra ona “futbolu buraxsın” deyənlər oyunlara tamaşaçı kimi baxanlardı. Bunlar hamısı boş-boş söhbətlərdi. Oturub gözləyirlər ki, kimsə bir səhv etsin, dərhal başlasınlar “futbolu buraxsın” deməyə. Belə şey olur? Dünya çempionatının final mərhələsində 41 yaşında meydana çıxanlar var. Rəşad indiyə kimi bütün oyunlarda lazımi səviyyədə mübarizə aparıb. İndi nə oldu, bir səhv edən kimi futboldan getməlidi? Açığı, mən APOEL-ə qarşı oyunda müdafiəmizdə ciddi problem görmədim. Fikrimcə, “Qarabağ”da müdafiə yox, hücum problemi var. Ələ düşən imkanları qola çevirsəydik, bu gün heç kim müdafiə haqda danışmayacaqdı. Qol vura bilmirik deyə, hamı müdafiədən danışır. Halbuki əsas problem şanslardan istifadə edə bilməməkdi”.
Elşad Əhmədov: “Oyuna yaxşı başlamışdıq. İstədiyimiz qolu da vurduq. Ancaq təəssüflər olsun ki, hesabı qoruya bilmədik. Azərbaycan futbolunun “standart vəziyyət” bəlası davam edir. Standart vəziyyətlərdə nə etməliyik? Bunu artıq məşqçilər bilməlidi... Xüsusən sol cinahdan, Zubirin sayəsində təlükəli hücumlar qurmağa çalışırdıq. Ancaq adi epizoddan qol buraxdıq. Sonra da ikinci qol gəldi. Ümumiyyətə, bizdə bu adətdi. Bir səhv edən kimi zəncirvari gəlir. İkinci hissəyə də yaxşı başaldıq. Belə baxanda, heç-heçə məğlubiyyətdən yaxşıdı. Səfərdə “Qarabağ” daha yaxşı oynayır. İnanıram ki, istədiyimiz nəticəni qazanmaqda problem olmayacaq. Nikosiyadan xalla qayıtmaq mümkündü. Rəşad Sadıqova gəlincə, bu gün səhvinə görə tənqid olunur. Ancaq o, “Qarabağ” üçün faydalı oyunçudu. Onun meydanda olması belə, bəzən bəs edir. Hər kəs səhv edir. Bəli, həmin epizodda top Sadıqovun ayağına oturmadı, ancaq ondan öncə Aylton kobud səhvə yol vermişdi. Hər şeyə rəğmən, Rəşad “Qarabağ”a lazımdı. İnamıram ki, bu gün onu əvəzləyəcək oyunçu “Qarabağ”da olsun. Təbii ki, heç-heçəyə rəğmən, qrupdan çıxmaq şansımız var. APOEL-ə səfərdə uduzmasaq, çox iş görmüş olarıq”.
Ağasəlim Mircavadov: “Məncə, “Qarabağ” çox yaxşı oynadı. Üstünlük bizdə idi, kifayət qədər imkanlar da oldu. Çox heyif ki, epizdolardan maksimum istifadə də bilmədik. Düşünürəm ki, “Qarabağ” bu oyununu bir az da təkmilləşdirsə, səfərdə qalib gələcəyik. Rəqib Çempionlar Liqasında bizi məğlub edəndə burda çox ağıllı oynamışdı. Ancaq “Qarabağ” bu dəfə onları hərtərəfli üstələdi. Sözsüz, müəyyən səhvlər oldu. Müdafiədə mövqe səhvləri var idi. Amma vurduğumuz birinci qolun hazırlanması çox gözəl idi. Meydanın rəqibə aid hissəsində pressinq tətbiq etdik və topu qazandıq. Kintana isə böyük ustalıqla epizodu qola çevirdi. Heç-heçəyə rəğmən, yenə də hər şey “Qarabağ”ın öz əlindədi. Bu gün səhvsiz oynayan komanda yoxdu. Ümumiyyətlə, ideal komanda olmur. Təəssüf ki, bu səhvlərdən rəqib istifadə edə bildi. Nikosiyadakı qarşılaşmada hava toplarına xüsusi diqqət yetirməliyik. Rəqibin heyətində ucaboy oyunçular çoxdu. Bir dəfə onları səfərdə məğlub etmişik. Yenə də edə bilərik. “Qarabağ” APOEL-dən üstündü. Çempionatdakı növbəti iki oyunda da APOEL ilə səfər matçının hazırlıqları getməlidi. O ki qaldı Rəşad Sadıqovun səhv etməsinə, hamıda olur. Bizdə sanki qaydadı, kim bir səhv edirsə, dərhal başlayırıq. Səhv hər zaman ola bilər. Rəşadın səhvindən sonra, fikir verin, bütün komanda onu qucaqladı, ayağa qaldırdı. Belə şeylər çox önəmlidi. 1994-cü ildə, dünya çempionatının finalında Roberto Baco penaltini dəqiq yerinə yetirmədi. Bu səhv deyil? Olur belə şeylər. Əsas olan kollektivin buna reaksiyasıdı. Hələ də “Qarabağ”ın qrupdan çıxmaq şansı yüksəkdi”. ("Futbol plus" qəzeti)