Naib Abdulla: "Kazbek Tuayev Azərbaycanı sevmir"
- 09 Yan 2020 15:00
- 1544
Space Radio 104
Heç kimə sirr deyil ki, veteran futbolçu Kazbek Tuayev Azərbaycanı və azərbaycanlıları sevmir. Bunu kifayət qədər futbol adamının və eləcə də futbol adamı olmayıb Tuayevi tanıyanların da dilindən eşitmişik. Təsadüfi deyil ki, Azərbaycanda doğulub Azərbaycanda böyüməsinə və buranın çörəyini yeməsinə baxmayaraq heç vaxt Azərbaycan dilində danışmayıb. Elə tanıyanların dediyinə görə, Azərbaycan dilini də sevmir.
Rekord.az xəbər verir ki, Tuayevin "Azərbaycan sevgisi" haqda daha bir faktı da milli komandamızın sabiq həkimi Naib Abdulla açıb.
DM-də yayımlanan "İdmanda" verilişində qonaq olan həkim illər öncə veteran futbolçu ilə aralarında yaşanmış olaya toxunub: "Kazbek Tuayev Azərbaycanda doğulub, Ələtdə. Özü də sizə deyim ki, orta məktəbi Azərbaycan bölməsində oxuyub. Mümkün deyil ki, Azərbaycan bölməsində oxuyan insan Azərbaycan dilini bilməsin. Bu insan sadəcə, bizim dili sevmir. Nəinki dilimizi, elə ölkəmizi, dövlətimizi və millim dəyərlərimizi də. O, heç azərbaycanlılara salam da vermək istəmir. 2003-04-cü illərdə "Neftçi"də həkim işləyirdim. Kazbek Tuayev də "Neftçi"nin baş məşqçisi idi. 28 may Respublika günü ərəfəsində idik. Həmin gün həm də qida rasionuna nəzarət edən şəxs kimi menyuya milli yeməyimiz olan aşı da daxil etmişdim. Gəldim gördüm ki, Tuayev dilinin altında donquldanır və aşbazlara xoş olmayan sözlər deyir. Yaxınlaşıb aşbazlardan birindən nə baş verdiyini soruşdum. Dedi, "doktor, heç nə, boş ver". Dedim yox, axı mən gördüm ki, o, nə isə qeyri-etik ifadələr işlətdi. Sonradan məlum oldu ki, ən dəyərli bayramımız olan Respublika günü münasibəti ilə menyuya xörəklərimizin şahı olan aşın daxil edilməsinə etiraz edirmiş. Məhz bu söhbətin üstündə onunla əməlli-başlı mübahisəmiz düşdü. Elə həmin günün səhəri ərizəmi yazıb "Neftçi"dən getdim. Azərbaycanı sevməyən biri ilə eyni komandada çalışa bilməzdim".
Naib Abdulla