Azərbaycan yığmasının və “Neftçi”nin artıq sabiq forvardı Namik Ələskərov Türkiyənin aşağı dəstə təmsilçisi “Bursaspor”la müqavilə imzalayıb. Yaxşı xəbərdi? 10 il, 5 il, hətta 3 il əvvəl üçün hə, indi üçün yox. Çünki sevinəcək heç nə yoxdu. Ölkənin bu gün üçün faktiki ən yaxşı oyunçusunun “ilin-günün bu vaxtı”ndakı bu keçidi yalnız və yalnız təəssüf doğura bilər. Bizim üçün. Namiqin özü üçün mövzu başqadı. Bizi isə bir sual düşündürür: Namiq niyə getdi?

“Neftçi”nin yanlış idarə edilməsi barədə səhərə qədər yazsan, danışsan da bəs etməz. Səni az qala təkbaşına çempion edən, avrokuboklarda yeganə qol ümidin olan futbolçunu ona ən çox ehtiyacın olduğu bir vaxtda Türkiyənin aşağı dəstə klubuna “kapdırmak” xüsusi istedad tələb edir. 

Bəli, Messinin də pula görə klubunu dəyişdiyi bir dövrdə azərbaycanlı Namik Ələskərovdan sədaqət gözləmək böyük sadəlövhlükdü. Heç kimə inam yoxdu, ona görə də hər şeyə əvvəlcədən hazırlıqlı olmaq lazımdı. “Barselona”dan fərqli olaraq “Neftçi” dövlət dotasiyasındadı. Lazımi qədər pul ayrılır, müvafiq xərclər də həyata keçirilir. Gərəkli sayılsa, o dotasiya çoxaldıla da bilər. Deməli, istənsəydi, Namik üçün istisna edilib daha yaxşı şərtlə müqavilə təklif etmək olardı. Edilmədi.

Namiqin konkret “Bursa” işində isə əslində hər şey çox sadədi. Müqavilədə “otstupnoy” kimi 50 min avro göstərilib, futbolçu da o pulu tapıb gətirib, çıxıb gedib. Ortaya iki “niyə” sualı çıxır: niyə getdi və niyə məhz o qədər? Əvvəla, niyə futbolçu Azərbaycan çempionunu qoyub Türkiyənin aşağı dəstəsinə yollanır? İlk öncə pula görə. Təxminən 3 dəfə artıq pula görə. Belə baxanda yaxşı puldu, kim olsa gedərdi. Ancaq Namiqə indikinin 3 yox, 2 qatı Bakıda verilsəydi, gedərdimi? Getməzdi. Niyə verilməyib? Yəqin ki, layiq bilinməyib. Yəni perspektivinə inanılmayıb, potensialı düzgün qiymətləndirilməyib. Elə buna görə də ayrılma məbləği olaraq 50 min avro kimi simvolik bir rəqəm göstərilib. “Bursa” da bunu görüb, şansı vaxtında dəyərləndirərək zədəsinə baxmayaraq Azərbaycanın hazırda ən yaxşı futbolçusunu öz heyətinə qatıb. O rəqəm 50 yox, heç olmasa 250 min olsaydı, Namiqə heç yaxın da duran olmazdı. Vaxtilə “Sportinq” də Budaq Nəsirova 60 milyon qiymət qoymuşdu. İndi o Budaq hansı "ağac"dadı, düzü, heç mən də bilmirəm. Doğru idarəetmə də budu. Sənə lazım olan futbolçu üçün həm izafi xərclərə də hazır olmalısan, həm də strateji düşüncəyə malik olaraq uzunmüddətli plan qurmağı bacarmalısan. 

Simvolik transfer məbləğinin futbolçunun “ölkə xaricində oynamasına şərait yaratmaq üçün” edilməsi söhbəti də bəhanədi. “Bursa”, Türkiyənin aşağı dəstəsi nə yaman böyük karyeradı ki, ona da şərait yaradasan? Eyni liqaya Vüsal İsgəndərli elə bu yay öz gücünə gedib. Mənə görə "Neftçi" Türkiyənin nəhənglərini çıxmaq şərtilə digərlərindən daha böyük klubdu. Bu gün düşdüyü duruma da baxmyaraq.

Sual oluna bilər ki, “biz hardan biləydik ora gedəcək". Bilmək lazım idi. Futbol biznesdi, sentimentallıqla iş görülmür. Qardaş dediyin klub da arxadan iş görüb belə şeylər edə bilir. 

“Bursaspor”un heç günahı yoxdu? Var. Bunun üçün hüquq var, müvafiq yazılan və yazılmayan qaydalar, qanunlar, sənədlər və s. var, ona uyğun addımlar da atılacaq, klub bu gün bunun anonsunu da verdi. Ancaq bu qədər sadəlövh olmaq da bacarıqsızlığın bir nümunəsidi. Ölkəyə “əməkdaşlıq müqaviləsi” imzalandığını, klublar arasında qardaşlaşmanı elan etmək, kameralar önündə poz verməklə iş bitmir. Ciddi olmaq lazımdı, cənablar, ciddi! Camaat iş görür. Əvvəl iş, sonra qardaşlıq.

Namiq həm də Azərbaycan çempionatına və onun son çempionuna inanmadı. Adam düşündü ki, “Neftçi” bu gün-sabah avrokubokdan qayıdıb oturacaq evində, Premyer-Liqada “başını girləyəcək”, çempion olub-olmayacağı bir tərəfə, çempionluğa oynayıb-oynamayacağı da dəqiq deyil. Avrokuboka ehtiyat hücumçusuz, ehtiyat qapıçısız, ehtiyat müdafiəçisiz yollanan və hələ də heyətini komplektləşdirməyən komandanın işə münasibəti hər şeyi ortaya qoyur. Uğur qazanmaq, nəticə əldə etmək istəyən klub belə olmur. Aşkar görünür ki, “Neftçi” faktiki Azərbaycan miqyasından kənara çıxmaq, böyümək istəmir. Eyni ssenarinin elə daxili çempionatda da davam etməyəcəyinə əmin olmayan Ələskərov ilk imkandaca gəmini tərk edir. Bəli, “Bursaspor” aşağı liqadadı, ancaq hədəfi Superliqadı, həm də istər-istəməz daha böyük səhnə, elə həmin Türkiyənin nəhəngləri üçün daha yaxın, əlçatan yerdi. Üstəlik, ordakı bir ildən sonra Bakıya qayıtmaq da çətin olmaz. Bir ildən sonra Namiki məsələn, “Qarabağ”da görsəm, heç təəccüblənməyəcəm. Hər şey ola bilər.

Bir sual haqqında düşünün: “Neftçi” avrokuboka yaxşı heyət yığaraq qatılsa və bu günə qədər Çempionlar Liqasında qrupda oynamaq şansını davam etdirsəydi, Namiq gedərdimi? Getməzdi. Hamı pul qazanmaq istəyir, ancaq perspektiv də vacibdi. ÇL-in, ən minimumu Avroliqanın qrupu daha böyük səhnə, daha yaxşı klublara özünü göstərmək imkanı, həm də yaxşı qazanc imkanıdı. Bu olmayandan, daha doğrusu, bunu klub özü istəməyəndən və bunu yuxarıda da qeyd etdiyimiz kimi, öz fəaliyyətsizliyi ilə aşkar göstərəndən sonra Namiq nə etməlidi? “Neftçi”nin dərdi elə ona qalıb?

“Neftçi” idarəetmə problemi yaşayır. Klub demək olar ki, “ortada qalıb”, sahib çıxanı, de-yure olsa da, de-fakto rəhbərliyi yoxdu. Yaxınlarda olub-olmayacağı da məlum deyil.

Hə, bir də bir şey: rəhbərlik deyəndə yalnız Kamran Quliyevi nəzərdə tutduğumu düşünürsüzsə, yanılırsız. Onu tənqid etmək çox asandı və problemin həlli baxımından heç bir əhəmiyyət daşımır. Bəli, adam prezidentdi, əsas icraçılardandı, səhvləri də var, ancaq hər şeyi onunla bağlamaq da absurddu. “Yuxarı”dan gələn “krantın vintili”nin əsas məqamda bağlanması qənaət yox, mane olmaqdan başqa bir şey deyil. “Neftçi”də rəhbərlik deyiləndə hamısı – prezident Kamran Quliyev, yuxarıların adamı və əsas nəzarətçi Elnur Eyvazov, müqəvva Müşahidə Şurası və onun üzvləri, SOCAR-ın “Neftçi”yə cavabdeh şəxsləri, klubun üzərində olan AFFA-dakı, görünməz olduğunu düşünən, ancaq ən üzdə olan əl – Elxan Məmmədov, həmçinin digər – idarəetmədə birbaşa və dolayı iştirak edən bütün şəxslər nəzərdə tutulmalıdı. Klubun prezidenti zəifdisə, iş görə bilmirsə, bunun günahı həm də onu ora təyin edəndə, orda saxlayandadı. İşinə davam edirsə, eyni zamanda səhvlər də davam edirsə, günah həm də sizdədi. Ona görə də məsuliyyəti siz də bölüşməlisiz, cənab səlahiyyət sahibləri. Yaxanızı kənara çəkməyin.

 

Kənan Məstəliyev