Naxçıvan boksçusundan növbəti uğur
- 04 Apr 2023 11:00
- 358
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir başa çatıb.
Rekord.az-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətiindən verilən məlumata görə, yarışda 11 ölkədən 100-dən çox boksçu mübarizə aparıb.
Beş gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.
Naxçıvan Boks Federasiyasının idmançısı Elbrus Kərimli milli komandamızı 54 kq çəki dərəcəsində təmsil edib. Yarışa ¼ final mərhələsindən qoşulan təmsilçimiz Tacikistan idmançısı Sodmehr Dovlatovu 4:1 hesabı ilə məğlub edib. Yarımfinalda millinin digər üzvü Azad Cavadzadə ilə görüşən Elbrus rinqi növbəti dəfə qalib kimi tərk edib. Görüş tam üstünlüklə yekunlaşıb. Həlledici görüşdə rus Pavel Kondraşova 0:5 hesabı ilə məğlub olan idmançımız turniri gümüş medalla tamamlayıb.
Qeyd edək ki, bu Elbrus Kərimlinin karyerası ərzində çıxış etdiyi ikinci beynəlxalq səviyyəli yarışdır. O, ilk sınağında Rumıniyanın Arad şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Dracula Open” beynəlxalq turnirinin qalibi olmuşdu.