Federasiya  qısa vaxtda nələrə nail olub

 

Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu gün diyarımızda idmanın inkişafına, yeni idmançı nəslinin yetişdirilməsinə, idman infrastrukturunun yaxşılaşdırılmasına, müasir idman komplekslərinin tikintisinə, dünya və Avropa miqyaslı yarışlarda idmançılarımızın böyük uğurlar qazanmasına xidmət edən zəruri tədbirlərin görülməsinə dair sərəncamlar imzalanır, məqsədyönlü tədbirlər həyata keçirilir. Təbii ki, planetimizin ən mötəbər idman növü hesab edilən futbol da  bu qayğıdan kənarda qalmır. 

 

Keçirilən müşavirədə verilən tapşırıqlar və...

Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən nazirlik və dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulmuşdu. Əsas vəzifə Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin üzərinə düşsə də, Futbol Federasiyası, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon İcra hakimiyyətləri üçün də konkret tapşırıqlar müəyyənləşdirilmişdi. Muxtar respublikada bütün idman növlərinin inkişaf etdirilməsi, müxtəlif növlər üzrə muxtar respublika birinciliklərinin keçirilməsi, ölkə və beynəlxalq səviyyəli yarışların təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda yerlərdə stadionların yenidən qurulması işinin davam etdirilməsi, yaradılan idman infrastrukturunun qorunması və ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarətin gücləndirilməsi, ümumilikdə, qarşıya qoyulan vəzifələr idi.
Verilən tapşırıqlardan da göründüyü kimi, muxtar respublikada idmanın inkişafı üçün zəruri məqamlar nəzərə alınıb. Səbəb isə bütün idman növlərinin sağlamlığa xidmət etməsi və asudə vaxtın səmərəli təşkilindəki roludur. Elə əhalinin bütün yaş qruplarının futbola olan marağının artırılması da bu zərurətdən irəli gəlir.

 

… federasiyanın atdığı ilk addım

Artıq yekunlaşmaqda olan 2019-cu il Naxçıvan Futbol Federasiyasının tarixinə də əlamətdar hadisələrlə yazılıb. Federasiyada struktur dəyişikliyi bu idman növünə olan marağı muxtar respublikada birə-beş artırdı. İlk olaraq federasiyaya işin düzgün təşkili üçün bu sahəni dərindən bilən mütəxəssislər cəlb olundu. Futbolun inkişaf etdirilməsinin vacibliyini 3 istiqamət üzrə müəyyənləşdirildi: kütləvilik, infrastruktur və futbol təhsili.
Federasiya muxtar respublikada idmanın digər növləri kimi, futbolun da inkişafına göstərilən hərtərəfli dövlət qayğısından, yaradılan şəraitdən səmərəli istifadə etmək vəzifəsini layiqincə yerinə yetirmək üçün əsas prioritet istiqamətləri müəyyənləşdirdi. Futbol sahəsində yerli mütəxəssislər hazırlamaq, uşaq və yeniyetmələri yeni təşkil olunan məşqlərə dəvət etmək, ehtiyat futbolçu bazası yaratmaq, maarifçilik, təbliğat işini gücləndirmək həmin prioritet məsələlərə daxil idi. 

 

Beşillik inkişaf proqramı
Hazırda muxtar respublikanın şəhər və rayonlarında futbol bazalarının vəziyyəti, onların maddi-texniki təchizatlarının yüksək səviyyədə olması, məktəblərdə stadion­ların yaradılması, kəndlərdə yeni stadionların tikilməsi futbolun inkişafına, futbolçu ehtiyatının formalaşmasına zəmin hazırlayır. Diyarımızda idmanın bu növünün kütləvi inkişafı, uşaq, yeniyetmə və gənclər arasında onun təbliği, beynəlxalq səviyyəli futbolçuların hazırlanması məqsədilə federasiya 5 il (2019-2024) üçün proqram tərtib edib. Bu proqrama əsasən qarşıdakı ən böyük məqsəd muxtar respublikada uşaq futbolu üzrə liqanın keçirilməsinin təməlini qoymaq, eyni zamanda böyüklər arasında çempionat, kəndlər arasında isə həvəskar çempionatların təşkilidir. Buna müəyyən qədər nail olunub. Həmçinin məktəb komandalarının muxtar respublika birinciliyi, dövlət idarələri və könüllü komandalar arasında da Naxçıvan Futzal Liqası keçirilir.


Proqrama əsasən hakimlərin təlim-məşq toplanışları aparılır, beynəlxalq dərəcəli hakimlər kurslar və seminarlar keçmək üçün muxtar respublikaya dəvət olunurlar. Növbəti il üçün isə əsas hədəf uşaq futbolunda yaşlar üzrə keçirilən liqaların sayının artırılması, muxtar respublikanın əsas komandasının Azərbaycan çempionatında çıxışına nail olmaq və əvəzedici komandanın yaradılmasıdır.
Proqramın növbəti ilində əsas komanda ölkə birinciliyində çıxışını davam etdirməlidir. Digər mövsümlə müqayisədə əsas hədəf çempionatı ilk 3 pillədə başa vurmaq və qarşıdakı ili yüksək dəstədə keçirməkdir. Muxtar respublikanı təmsil edən uşaq komandalarından ən azı biri ölkə birinciliyində mükafat qazanmalı, digər yaş qruplarında çıxış edənlər Azərbaycanın milli komandalarına cəlb olunmalıdır.
Plana əsasən proqramın son iki ilində futbolçuların daha çox beynəlxalq turnirlərdə iştirakı, uşaq komandalarının ölkə birinciliklərində mübarizəsi öz əksini tapıb.
Proqram cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin aşılanmasına, muxtar respublikada futbolun məhəlli və regional inkişafına, bu idman növü ilə məşğul olacaq uşaq, yeniyetmə və gənclərin sayının artmasına, onların bu idmana cəlbinə, beynəlxalq arenada Naxçıvan Muxtar Respublikasının təmsil edilməsinə və beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanmasına nail olmaq məqsədi daşıyır.

 

Bəhrəsini verən işlər

İşini günün tələblərinə uyğun şəkildə quran federasiya ilk yığıncağında prioritet məsələnin uşaq futbolu olduğunu məşqçilərin və futbol ictimaiyyətinin diqqətinə çatdırdı. Uşaqların futbol biliklərinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birlikdə təcrübəli məşqçilər muxtar respublikamıza dəvət olundu. “Araz-Naxçıvan”ın “sükanı arxası”na gətirilən Əsgər Abdullayev eyni zamanda federasiyanın böyük məşqçisi təyin edildi. Təyinatdan sonra Əsgər Abdullayev muxtar respublikanın şəhər və rayon komandalarında futbolçular və məşqçilər üçün məşqlər keçməyə başladı. Seçimlərdən öncə Naxçıvanın 13-14 yaşlı futbolçularından ibarət yığma komandası formalaşdırıldı, ardınca onların təlim-məşq toplanışı keçirildi. Səbəb isə ilk dəfə olaraq 13-14 yaşlı futbolçular arasında beynəlxalq turnirin təşkili idi.


Şəhər və rayonlarda əsas komandaların formalaşması yönündə də işlər davam etdirildi və növbəti muxtar respublika çempionatı təşkil olundu. Uşaq futbolunda isə köklü dəyişikliklər qazanılan uğurlarda öz bəhrəsini göstərdi. İlk dəfə olaraq keçiriləcək U-10 – U-14 yaşlı futbolçular arasında Naxçıvan Muxtar Respublika çempionatlarında çıxış edəcək komandalar rəsmi olaraq AFFA-nın (UEFA-nın reqlamentinə əsasən) qeydiyyatından keçdi. Region Liqasında mübarizə aparan böyüklərdən ibarət komandalara da eyni proses tətbiq olundu. Futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradıldı və bu proses uğurla davam etdirilir. Bir il öncə bu sistemdə qeydiyyata alınanların sayı 200-ə yaxın olduğu halda, indi Naxçıvan “futbol ailəsi”nin qeydiyyatdan keçmiş üzvlərinin sayı mindən çoxdur. AFFA diyarımızda kütləvi futbolla bağlı çoxsaylı tədbirləri yüksək qiymətləndirərək mütəmadi olaraq Naxçıvan Futbol Federasiyası ilə birgə layihələr həyata keçirir. Bu sırada futbolun təbliğatının da xüsusi əhəmiyyəti var. Yaxın günlərdə federasiyanın yeni internet saytı da fəaliyyətə başlayacaq.
Futbol Federasiyasının prioritet məsələlərindən olan kütləvilik bu gün özünü müsbət yöndə göstərməkdədir. İlk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasında 24 komandanın mübarizə aparması federasiyanın təbliğat işindən xəbər verir.
Proqrama əsasən futbol hakimlərinin yetişdirilməsi sahəsində mühüm işlər görülüb. Hazırda federasiyada 30-a yaxın ədalət təmsilçisi fəaliyyət göstərir ki, bu da muxtar respublikada gənclərin işlə təmin olunması baxımından mühüm addımdır. Hakimlərin nəzəri və praktik biliklərini artırmaq məqsədilə hər həftənin şənbə və bazar günləri AFFA-nın Hakimlər Komitəsinin üzvü olan beynəlxalq dərəcəli referilər Naxçıvana səfər edir, təlimlər, seminarlar keçirirlər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri avstriyalı Fritz Stuxlikin hakimlər üçün seminar keçmək məqsədilə muxtar respublikamıza səfərinin təşkili isə Naxçıvanda bu idman növünün inkişafına dövlət qayğısının növbəti ifadəsidir.
Futbolda təhsilin əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə də bir çox işlər görülüb. Orta məktəblərdə idman müəllimləri üçün yerli federasiya, Təhsil Nazirliyi və AFFA tərəfindən “D” lisenziyası verən kurs təşkil olunub. Kursda 30 məşqçi-müəllim iştirak edib. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) uşaq futbolu ilə bağlı layihəsi – “Grassroots” proqramına əsasən ölkə ərazisində “kütləvi futbol həftəsi” və eyni zamanda proqrama daxil olan “Futboldan həzz al!” layihəsinin Naxçıvanda reallaşması da böyük futbol bayramına çevrildi.
İstedadlı futbolçuların yetişdirilməsi prosesində infrastrukturun özünəməxsus rolu var. Daha dəqiq ifadə etsək, müasir standartlara cavab verən meydança olmadan güclü futbolçunu da yetişdirmək mümkün deyil. Bunlar nəzərə alınaraq muxtar respublikamızın hər bir yerində, ilk növbədə, yeni stadionlar inşa olunur, köhnələri isə bərpa edilir. Məktəblərdə futbolun təbliğinin aparılması üçün istedadlı uşaqlar şəhər və rayonlarda təşkil edilən məşqlərə dəvət olunurlar.

 

Nəticə…

Futbol özündə insanların sevdiyi bir çox şeyləri birləşdirir: ayaqlarla bərabər intellektin çalışmasını, hər oyunda yeniliklərlə qarşılaşmanı, strateji düşüncəni, taktiki-texniki gedişatı, qalib və məğlub olmaq hissini... Futbol hər zaman ona diqqət və qayğı ilə yanaşılmağı sevir. Muxtar respublikamızda idmanın bu növünün inkişafı istiqamətində uğurlu idman siyasətinin həyata keçirilməsi ilə daha böyük nailiyyətlər əldə ediləcək zamanın uzaqda olmadığını deyə bilərik...