“Naxçıvan Kuboku-95” beynəlxalq turnirində ikinci turun oyunları oynanılıb
- 15 Okt 2019 16:24
- 1358
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan Kuboku-95” beynəlxalq turnirində ikinci turun oyunları oynanılıb.
"Rekord.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş turnirdə öncə meydana Özbəkistan Respublikasının “Əndican” və Azərbaycanın “Rekord” komandaları çıxıb. Daha üstün oyun sərgiləyən özbək təmsilçisi meydanı 7:2 hesablı qələbə ilə tərk edib.
Günün ikinci görüşündə “Qarabağ” digər Özbəkistan təmsilçisi “Qaraqalpakıstan” komandasını sınağa çəkib. Oyunda hesabı açan özbək komandası olsa da, sonda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:1.
Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirilən beynəlxalq turnirdə sabah azarkeşlər III turun oyunlarına şahidlik edəcəklər. Belə ki, 11:00-dea başlayacaq görüşdə meydana “Əndican” və “Qarabağ” komandaları çıxacaq. Saat 13:00-da isə “Araz-Naxçıvan” “Qaraqalpakıstan” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirə oktyabr ayının 18-də yekun vurulacaq.