Məşqçi, idmançı və hakimlərin peşəkar inkişafı və bilik bazasının zənginləşdirilməsi məqsədilə muxtar respublikada davamlı olaraq seminarlar, kurslar, ustad dərsləri və təlim-məşq toplanışları təşkil olunur.

Rekord.az xəbər verir ki, növbəti belə bir addımda Bakıdan dəvət olunmuş idman mütəxəssisi "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, İdman ustası Vüqar Əliyev Naxçıvan cüdoçuları ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində reallaşıb.

Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov təcrübəli mütəxəssislərin idmançılara seminar keçməsinin muxtar respublikada cüdo idman növünün inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək karyeralarında uğurlar arzu edib. Vüqar Əliyev muxtar respublikada növbəti dəfə seminar keçməkdən məmnunluğunu ifadə edərək güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasında daim yeniliklərdən məlumatlı olmaları və üzərlərində işləmələrinin əhəmiyyətindən danışıb.

Çıxışların ardınca texniki-taktiki seminara start verilib. Məşqçi və idmançıları maraqlandıran suallar cavablandırılıb.