Naxçıvanda karate turniri
- 06 Sen 2023 15:00
- 303
Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında karate üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Rekord.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın oğlan və qız idmançı qatılıb.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov dövlət idman siyasətinin icrası istiqamətində həyata keçirilən işlərdən, qazanılan nailiyyətlərdən bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb. Qeyd olunub ki, yaradılan şərait və imkanların nəticəsi olaraq son illərdə idmançılarımız qitə birincilikləri, ölkə və beynəlxalq miqyaslı yarışlarda ardıcıl uğurlara imza atırlar. Onların arasında bir çox karateçinin olması bu idman növünə olan marağı, kütləviliyi və inkişafı təcəssüm etdirir.
Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının üzvləri öz bacarıqlarını nümayiş etdiriblər. Sonra turnirin fərdi kata və kumite üzrə final görüşləri keçirilib. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıblar. Mükafatları nazir müavini Məcid Seyidov təqdim edib.