Naxçıvanda keçirilən Poliatlon çoxnövçülüyündə qalib bəlli olub
- 28 Apr 2023 15:00
- 424
Çağırışaqədər və çağırışyaşlı məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin final mərhələsi reallaşıb. Muxtar Respublika Stadionunda keçirilən yarışa rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla ümumilikdə 8 komandadan 40 şagird qatılıb.
Rekord.az-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumatga görə, ştirakçılar proqram üzrə 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbaraatma və 2000 metr məsafəyə kros qaçışı üzrə mübarizə aparıblar. Qalib və mükafatçılar müvafiq yarışlarda toplanan ümumi xalların cəminə əsasən müəyyənləşib.
Hesablamalar nəticəsində "Şərur" komandası qalib adına layiq görülüb. Ordubad və Babək rayonlarını təmsil edən komandalar yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.
Mükafatlandırmadan öncə təşkilatçı qurumların əməkdaşları çıxış edərək yarışın məqsəd və qaydaları haqqında danışıblar. Qeyd olunub ki, “VMH” poliatlon çoxnövçülüyü yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Bunlar da öz növbəsində gələcəyin əsgəri olacaq çağırışaqədər və çağırışyaşlı gənclərimiz üçün vacib amillərdir.
İlk üçlükdəki komandalar diplom, fəxri fərman və kubokla mükafatlandırılıblar.
Birincilik Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən birgə təşkil olunub.