Naxçıvanda növbəti ustat dərsləri
- 13 İyn 2023 17:30
- 293
Aidiyyəti idman təşkilatları ilə qurulmuş əməkdaşlıq əlaqələri çərçivəsində Naxçıvanda təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanılır. Məqsəd məşqçi, idmançı və hakimlərin yeni biliklərə, təcrübələrə yiyələnməsi, o cümlədən idman növlərində tədbiq olunan yeni qaydalar barədə məlumatlandırılmasıdır.
Rekord.az Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası (AGF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində bədii gimnastika və gimnastika hamı üçün idman növlərində ustad dərsləri reallaşıb. Məşqçilər Dilbər İbrahimova, Humay Əliyeva, Elnarə Sabitova, Rəna Manafova, Nəimə Cəfərli, bölgələr üzrə menecer Surxay Qarayev bu məqsədlə Naxçıvanda səfərdə olub, təşkilati işlərdə yaxından iştirak ediblər.
Ustad dərslərində ümumilikdə 95 (45-bədii gimnastika, 50-gimnastika hamı üçün) azyaşlı gimnast, eləcə də məşqçilər və valideynlər iştirak ediblər. Bədii gimnastika növündə ölkə miqyaslı yarışlarda iştirak edən gimnastların hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə nəzəri və praktiki imtahan keçirilib. Gimnastika hamı üçün növündə fərdi və qrup hazırlığı ilə bağlı məşqlər icra olunub.
Qeyd edək ki, muxtar respublikadan olan gimnastlarımız iyunun 17-si və 18-də Dənizkənarı bulvarda ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş gimnastika hamı üçün növü üzrə 1-ci Beynəlxalq Bakı “Challenge” tədbirində iştirak edəcək. Ustad dərslərinin təşkili bir növ həmin beynəlxalq tədbirə hazırlıq məqsədi daşıyır.