Qaraçuq Sərhəd Komendantlığında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında “Sərhəd” hərbi-idman oyununun şəhər mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edənlər qeyd edib ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onlarda vətənpərvərlik hisslərinin aşılanmasına və hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə kömək edir.

3 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma və yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi mərhələləri üzrə öz qüvvələrini sınayıblar. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi-idman oyununun yekun nəticəsinə əsasən, 9 nömrəli tam orta məktəbin komandası I yerə, 6 nömrəli tam orta məktəbin komandası II yerə, 13 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qalib komandalara təşkilatçıların diplomları təqdim olunub. Məlumat üçün qeyd edək ki, I yerin sahibi olan 9 nömrəli tam orta məktəbin komandası II mərhələdə, yəni Naxçıvan MR zona mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.