İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə oğlanlar və qızlar arasında Zəfər Gününə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliklərinə start verilib.

Rekord.az xəbər verir ki, Heydər Əliyev İli çərçivəsində təşkil olunan yarışın bu gün rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, təhsil nazirinin müavini Ovni Muradov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, qazilər, rəsmilər və idman ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov təhsil nazirinin müavini Ovni Muradov, federasiya prezidenti Vüqar Əliyev çıxışlarında xalqımızın Zəfər yolundan və yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar. Federasiyanın vitse-prezidenti Aydın Mirəzyev yarışların reqlamenti barədə məlumatı diqqətə çatdırıb. Tədbirin bədii hissəsindən sonra oyunlara start verilib.

Ümumilikdə 16 komandanın iştirak etdiyi yarışda əvvəlcə qızların mübarizəsinə start verilib. ilk matçda “Sədərək” və “Naxçıvan” komandaları meydanda olub. Görüş sədərəkli qızların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "A" və "B" qruplarında ilk iki yerin sahibləri yarımfinala adlayacaq. Üç gün davam edəcək yarışın mükafatçıları noyabrın 1-də keçiriləcək final və üçüncülük matçları ilə bəlli olacaq. Noyabrın 2-də isə oğlanlardan ibarət komandaların muxtar birinciliyi çərçivəsində oyunlara start veriləcək.