Nazim Süleymanovun davamçısı?!
- 04 Sen 2024 09:29
- 3338
Hər şey gözlənildiyi kimi oldu. Adil Şükürov “Kəpəz”in baş məşqçisi postuna necə gətirilmişdisə, elə də yola salındı. Eyni ssenarini ötən mövsüm də izləmişdik. Azər Məmmədovu komandanın uğursuz nəticələrinə görə yola salıb, onun boşaltdığı posta Şükürovu gətirmişdilər. Qismətdən “Qəbələ” də tarixinin ən bərbad mövsümünü keçirdi, Elmar Baxşıyev “qırmızı-qaralar”ı “zirzəmiyə” elə pərçim etdi ki, ölkənin ən yaxşı infrastruktura malik klubunu ordan xilas etmək mümkün olmadı. Buna görə də “Kəpəz” elitadakı yerini qorumağı bacardı, Adil Şükürov də gəncəli futbolsevərlərin yeni qəhrəmanına çevrildi.
Bu mövsüm Premyer Liqada “Qəbələ” yoxdur. Geridə qalan beş tur göstərdi ki, elitanı tərk etməyə ən real namizəd “Kəpəz”dir. Komanda ilk beş turda xal üzünə həsrət qalıb, Adil Şükürovun rəhbərliyi altında meydana çıxdığı 4 oyunda heç qol vurmağı da bacarmamışdılar. Belədə azarkeşlərin artan qəzəbini soyutmaq üçün rəhbərliyin “möhtəşəm gedişi” özünü çox gözlətmədi. Şahmatda olduğu kimi, şahla vəziri qorumaq üçün piyadanı qurban vermək lazım idi. “Kəpəz”dəki piyada isə Adil Şükürov oldu. Onun da yola salınmasına “uğursuz nəticələr” adı qoyuldu. Sanki bu uğursuz nəticələrdə rəhbərliyin heç bir günahı olmur. Komanda elitadakı yerini qoruyub, qəhrəmanlıq edəndə İlqar Nadirinin şəkli hər gün saytları bəzəyirdi. İndi ortalıqda bir məsuliyyət sahibi görünmür.
Şəxsən mənim üçün Şükürovun gedişindən sonra “Kəpəz”i kimin çalışdıracağı çox maraqlı idi. Bu dəfə bəylə bostan əkməyə, çiynində tağ bitirməyə razılıq verən kim olacaqdı? Bu rəhbərliyin Tərlan Əhmədova qarşı necə haqsızlıq etdiyini hamımız görmüşük. Azər Məmmədovu, Adil Şükürovu necə yola salmalarına da şahid olmuşuq. Bu səbəbdən də kimin növbəti qurban olacağını, sinəsini “Kəpəz”in bacarıqsız rəhbərliyinə sipər edəcəyini maraqla gözləyirdim. Axtarışlar qısa sürdü, istedadına və futbol biliyinə şübhə etmədiyim, ölkənin ən gənc PRO kateqoriyalı məşqçisi adını illər öncə qazanan Azər Bağırov İlqar Nadiri ilə əl sıxışdı, “Kəpəz”in baş məşqçisi olmağa razılıq verdi. Özü də müsahibəsində bildirib ki, ağır yükün altına girir. Sitat: “Qarşıma həmişə çətinliklərə sinə gərmək məqsədi qoyuram”.
Azər bəyin son iş yeri “Araz Naxçıvan” idi. Zaur Axundovla işləməyin nə demək olduğunu bu ölkənin futbol ictimaiyyətində bilməyən yoxdur. Bağırovu da “Araz Naxçıvan”dan elə “Kəpəz”dəki məşqçilər kimi yola salmışdılar. Görünür, o çətinliyini yaşadığından Azər bəyə “Kəpəz”də işləmək qorxulu gəlməyib. Adam heç onu qınaya da bilmir. Neynəsin? Ötən mövsüm hamı Nazim Süleymanovu qınayırdı ki, “İrəvan”da işləyir, nüfuzunu zədələyir. Azərbaycan futbolunun canlı əfsanələrindən biri olan Süleymanov onu qınayanlara sual ünvanlamışdı: “Bəs mən neynəməliyəm, harda işləməliyəm?” Haqlı idi. “İrəvan” dağılıb, Nazim Süleymanov da işsiz qalıb. Onu qınayanlar indi heç Nazim bəyin kefini, harda olduğunu da soruşmur. Bir çağırıb deyəndə yoxdur ki, gəlin, birlikdə Azərbaycan futbolu üçün çalışaq, ölkə futbolunun xilası üçün təcrübənizdən yararlanaq.
Başına gələn başmaqçı olur. Azər Bağırov da məcburiyyətdən gələn təkliflərə “hə” deyir. Bir gün “Araz Naxçıvan”da zülmə qatlaşır, o biri gün “Kəpəz”də ağır yükün altına girir. Bilir ki, işləməsə, Nazim Süleymanov kimi onu da çağırıb, kef-əhval tutan olmayacaq...