
Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü
- 10:00
- 52
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 19-cu görüşünü keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.
Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına və ISF U15 Gimnaziada Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. Daha sonra Bakı və regional gənclər və idman idarələrinin 2024-cü il üzrə fəaliyyətinin yekun hesabatı dinlənilib.
Tədbirdə həmçinin səyyar “Sağlam həyat” layihəsi, "İdman həftəsi", federasiyaların strukturu, idmançıların yeni reytinq cədvəlinin tərtib edilməsində təklif edilən yeniliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda isə federasiyaların sosial media hesabatı dinlənilib.
Qeyd edək ki, görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.