Nazir son iki ayda uğur qazanan idmançılarla görüşdü
- 01 Noy 2022 19:41
- 405
Bu gün gənclər və idman naziri Fərid Qayıbov sentyabr-oktyabr ayları ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Rekord.az xəbər verir ki, tədbirin əvvəlində nazir Fərid Qayıbov nazirliyin Kollegiya qərarı ilə əməkdar məşqçi fəxri adına və idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəsislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Sevindirici haldır ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı günbəgün artmaqdadır.
Sumo, atıcılıq, karate, MMA, para-pouerliftinq, boks, taekvondo, kikboksinq, cüdo, qrapplinq, mas-reslinq, kəmər güləşi, uşu-sanda, stolüstü tennis, şahmat, qol güləşi, para-taekvondo, güləş, ağırlıqqaldırma və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.