Azərbaycan U-21 yığmasının üzvü Fərid Nəbiyev Çexiyanın “Slaviya” (Praqa) klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu bu ölkənin digər klubu “Viktoriya”ya (Jijkov) üz tutub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Fərid Jijkov təmsilçisi ilə 2,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Viktoriya”da Fərid kimi məhz “Qəbələ”nin yetirməsi olan daha bir azərbaycanlı futbolçu – Samir Qurbanov da çıxış edir. Onu da Çexiyaya azərbaycanlı futbol meneceri Vaqif Heydərli aparıb.

Maraqlıdı ki, Fərid bu gün yeni komandasında debüt də edib. O, “Viktoriya”nın “Budeyoviçe” ilə yoxlama matçının iştirakçısı olub. Komandasının 7:1 hesabıyla qalib gəldiyi qarşılaşmada 32 dəqiqə meydanda olan Nəbiyev het-trikə imza atıb.

Fərid “Slaviya”da 2018-ci ildən çıxış edirdi. O, bu komandanın əvəzedici komandasının üzvü idi. Futbolçumuz “Viktoriya”da əsas komandada çıxış edəcək. Bu isə onun Çexiyanın gücünə görə ikinci liqasında mübarizə aparmasına şərait yaradacaq. Jijkov klubu hazırda 2-ci divizionda 16 turdan sonra 26 xalla 16 komanda arasında 6-cı pillədə qərarlaşıb.