Neftçalada “Sərhəd” hərbi-idman oyununun I turu keçirilib
- 16 Mar 2023 18:50
- 415
“Sərhəd” hərbi-idman oyununun I turunun (sərhədyanı kəndlərdə yerləşən tam orta məktəblər üzrə) Neftçala rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə rəsmi olaraq açılışı elan edilən hərbi-idman oyununda Dövlət Sərhəd Xidməti Sahil mühafizəsinin əməkdaşları polkovnik leytenant Cavid Əmirov, polkovnik leytenant Azər Çobanov, mayor Ramil Şamıyev, Cənub regional şöbəsinin rəisi mayor Zaur Salamov, Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun nümayəndəsi və digər məsul şəxslər iştirak edib.
Rayonun 10 tam orta məktəbinin mübarizə apardığı birincilikdə komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdirib.
Gənc nəsli vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdan məqsədi daşıyan hərbi oyunda mübarizənin yekun nəticələrinə əsasən
S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəb komandası I,
Humanitar təmayüllü Muğan liseyinin komandası II,
Ə.Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar təşkilatçı qurum nümayəndələri tərəfindən müvafiq diplomlarla təltif olunub.
Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyunu Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq həyata keçirilir.