“Neftçi”: dünən, bu gün və sabah! YAZI
- 20 Dek 2021 17:02
- 1263
Birbaşa lap başdan başlayaq.
“Böyük hərbi gəmi birləşməsinin (eskadra, diviziya, dəstə) komandanı, habelə həmin gəmi birləşməsi komandanının olduğu gəmi - Flaqman gəmisi”.
Bu, Azərbaycan dilinin izahlı lüğətində flaqman sözünə verilən tərifdi. Yəni flaqman bütün eskadranın önündə olan, hazırda ona öncüllük edənə deyirlər. İndi bir anlıq Azərbaycan futbolunu həmin böyük hərbi gəmi birləşməsi kimi təsəvvür edin və bu suala cavab verin: Azərbaycan futbolunun flaqmanı kimdi?
Fikirləşdiz?
Cavab vermədən bu cümləni də oxuyun:
Prezident İlham Əliyev: “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır”.
Yuxarıdakı suala cavabınızla dövlət başçısının dedikləri üst-üstə düşdü?
Yəqin ki, hə.
“Neftçi” azarkeşləri də nahaq inciyirlər. Reallığı inkar etmək yox, səbəbləri axtarmaq, problemi müəyyən edib onun həlli üçün çalışmaq lazımdı. 8 il ardıcıl avrokuboklarda oynayan, bu il isə tilsimi qıraraq pley-offa yüksələn “Qarabağ”ın son 10 ildə etdikləri ilə “ağ-qaralar”ın etdikləri arasında eskadranın başında gedənlə sonunda gedən arasındakı qədər fərq var. “Neftçi” böyükdü, möhkəmdi, amma geridədi. Nə sürət o sürətdi, nə güc, nə də o gəmini idarə edənlər. Bunu uşaqlıqdan “Neftçi” azarkeşi olan prezident İlham Əliyev də dilə gətirirsə, deməli, bu həqiqətən də belədi. Bayraq “Qarabağ”ın əlindədi. Onu ondan almaq üçün isə əvvəlcə o bayraqdara çatmaq, sonra o bayrağın ondan təhvilinə çalışmaq lazımdı. Bunun üçün gərəkənlər budu: növbəti çempionluq, yaxud avrokuboklarda ciddi uğur.
Çətin işə oxşayır, amma mümkünsüz də deyil.
11 XALLIQ FƏRQ
Hazırda “Neftçi” aktivindəki 22 xalla Premyer-Liqada 3-4-cü yerləri bölüşür və çempionluğa əsas namizəd “Qarabağ”dan 11 xal geri qalır. Faciəvi durum deyil, amma ondan uzaq da deyil. Qızıl medalları qazanmaq istəyən komandanın bundan sonra bir səhv şansı belə yoxdu. Bəli, əsas rəqiblə hələ iki oyun var, ancaq bu da azdı. Amma tələsməyək, əvvəlcə hazırkı duruu yaradan səbəblərə baxaq.
Payızın sonlarına yaxın alınan ardıcıl üç məğlubiyyət – “Qarabağ” (0:4), “Keşlə” (2:3), “Sabah” (1:2) xeyli müzakirə olundu. Baş məşqçi Samir Abasovun istefası gündəmə gəldi, baş günahkar kimi qələmə verildi. Ancaq yenilgilərin əsas səbəbləri araşdırılmadı.
Araşdıraq.
Tarixi ardıcıllıqla baxsaq, hər şey aydın olacaq.
- 2020-ci ilin noyabrında “Qarabağ”dan alınan 0:6 hesablı məğlubiyyətdən sonra ən nikbin azarkeşin belə gözləmədiyi çempionluğun qazanılması planları dəyişdi. “Neftçi” əzəli rəqibini son dəqiqə qolu ilə taxtdan salaraq uzun illər sonra qızıl medallara sahib çıxdı. Ancaq sevinc özü ilə əlavə məsuliyyət də gətirirdi. Ki, “Neftçi” avrokuboklarda özünü sübut etməli, bunun üçün isə heyət gücləndirilməli idi. Amma komanda beynəlxalq yarışa ehtiyat qapıçısız, hücumçusuz, demək olar ki, güclənmədən, hətta gedişatda əsas fiquru Namiq Ələskərovu itirərək girdi. Nəticəsi məlumdu.
- Avrokuboklardakı fiaskodan sonra “ayılan” klub bir neçə transferi reallaşdırdı. Amma iş gec görüldüyündən yeni gələnlərin komandaya uyğunlaşma prosesi xeyli vaxt çəkdi və hələ də bu “iş”i başa çatdıra bilməyənlər var. Aşağıdakı cədvələ fikir verin. Bu mövsüm “Neftçi”nin heyətində meydanda ən çox dəqiqə keçirən 11 nəfər arasında cəmi 3 yeni futbolçu var. Onlardan ikisi ən əvvəldə alınan və vaxtında komandaya uyğunlaşdırılan Xəyal Nəcəfov və Sezar Mezza Kollidi. Elə Uqo Başto da iyulun əvvəlində alınıb.
Cədvəl 1. İki dövrədə “Neftçi”nin heyətində meydana çıxan futbolçuların statistikası
N |
Adı |
Dəqiqə |
Oyun |
Start |
Qol |
---|---|---|---|---|---|
1. |
E.Mahmudov |
1172 |
14 |
13 |
3 |
2. |
V.Stankoviç |
1170 |
13 |
13 |
1 |
3. |
Y.Laval |
1144 |
14 |
13 |
1 |
4. |
M.Çelik |
1060 |
12 |
12 |
0 |
5. |
Ö.Buludov |
843 |
11 |
10 |
0 |
6. |
M.Kane |
771 |
9 |
9 |
1 |
7. |
S.Buqrin |
762 |
12 |
9 |
1 |
8. |
A.Məmmədov |
720 |
8 |
8 |
0 |
9. |
U.Başto |
630 |
7 |
7 |
0 |
10. |
X.Nəcəfov |
629 |
10 |
7 |
0 |
11. |
S. Mezza Kolli |
591 |
11 |
6 |
2 |
12. |
İ.Zülfüqarlı |
575 |
10 |
5 |
1 |
13. |
K.İbrahimov |
540 |
6 |
6 |
0 |
14. |
M.Mboc |
531 |
6 |
6 |
0 |
15. |
T.Bezzerra |
524 |
9 |
6 |
4 |
16. |
R.Bask |
467 |
6 |
6 |
0 |
17. |
R.Maçado |
428 |
11 |
3 |
3 |
18. |
M.Abbasov |
336 |
10 |
3 |
1 |
19. |
V.Əsgərov |
285 |
4 |
4 |
1 |
20. |
F.Muradbəyli |
256 |
4 |
3 |
2 |
21. |
H.Suareş |
122 |
3 |
1 |
0 |
22. |
X.Korrea |
78 |
2 |
1 |
0 |
23. |
F.Camalov |
46 |
1 |
1 |
0 |
- Yayda bütün fikir avrokubokda uğurlu çıxışa yönəldiyindən və əldəki heyət qısa olduğundan güc həmin heyətin üzərinə düşdü. Məşqçilər heyəti məcburən yüklənməni onların üzərinə verdi, nəticə baxımından olmasa da, formada olma baxımından ortamüddətli effektivliyə şahidlik etdik. Hər kəs razılaşar ki, “Neftçi”nin avrokuboklarda nümayiş etdirdiyi oyunla indiki arasında ciddi fərq var. Çünki futbolçular da insandı, enerjiləri daimi deyil və istər-istəməz formalarında eniş yaşanır. Bu eniş də məhz payızın ortaları və sonlarına təsadüf etdi və ardıcıl məğlubiyyətlər gəldi. Oyunlara yaxşı başlayıb ikinci hissədə üstünlüyün əldən verilməsinə də səbəb budu. Aşağıdakı cədvəldə “Neftçi”nin keçirdiyi 14 oyunda vurduğu qolların hissələr üzrə paylaşımı əks olunub. Son az qala iki ayda Samir Abasovun yetirmələri ikinci hissədə cəmi bir qol vurublar, onu da Vüsal Əsgərov, aşkar autsayder “Səbail”lə matçda 52-ci dəqiqədə rəqib qapısından keçirib. Cədvəldən (Cədvəl 2.) aşkar görünür ki, komandanın tam 90 dəqiqə mübarizə aparmağa adicə gücü çatmır. Paralel olaraq millinin də yükünü çəkən Emin Mahmudovun son turda “Qəbələ”nin qapısına penaltini vura bilməməsinin səbəbini də bunda axtarmaq lazımdı. Adam yorulub. Həm fiziki, həm də mənəvi baxımdan. Digərləri də həmçinin.
Cədvəl 2. “Neftçi”nin iki dövrədə keçirdiyi oyunlarda hissələr üzrə qol statistikası
N |
Tarix |
Oyun |
Hesab |
1-ci hissədə |
2-ci hissədə |
1. |
15 avqust |
Neftçi-Qəbələ |
2:2 (Muradbəyli, 55. Stankoviç, 76) |
|
2 |
2. |
22 avqust |
Zirə-Neftçi |
1:2 (Muradbəyli, 72. Mahmudov, 90) |
|
2 |
3. |
12 sentyabr |
Neftçi-Qarabağ |
1:2 (Mahmudov, 47) |
|
1 |
4. |
19 sentyabr |
Neftçi-Keşlə |
3:0 (Kolli, 36. Maçado, 50. Zülfüqarlı, 68). |
1 |
2 |
5. |
26 sentyabr |
Sabah-Neftçi |
1:2 ((Maçado, 21. Kane, 77) |
1 |
1 |
6. |
2 oktyabr |
Səbail-Neftçi |
1:3 (Laval, 26. Bezerra, 45. Bezerra 78) |
2 |
1 |
7. |
17 oktyabr |
Sumqayıt-Neftçi |
1:1 (Buqrin, 54) |
|
1 |
8. |
23 oktyabr |
Neftçi-Zirə |
2:1 (Kolli, 39. M.Abbasov, 84) |
1 |
1 |
9. |
30 oktyabr |
Qarabağ-Neftçi |
4:0 |
- |
- |
10. |
6 noyabr |
Keşlə-Neftçi |
3:2 (Bezerra, 11, 36) |
2 |
|
11. |
20 noyabr |
Neftçi-Sabah |
1:2 (Maçado, 33) |
1 |
|
12. |
27 noyabr |
Neftçi-Səbail |
1:0 (Əsgərov, 52) |
|
1 |
13. |
5 dekabr |
Neftçi-Sumqayıt |
0:0 |
- |
- |
14. |
15 dekabr |
Qəbələ-Neftçi |
1:1 (Mahmudov, 39) |
1 |
|
Beləliklə, “Neftçi” yanlış planlamanın, daha dəqiq desək, ümumiyyətlə plansızlığın, spontan və tələsik verilən qərarların qurbanı olub. Komanda “yanıb”.
Bu baxımdan “Qarabağ” qışa qədər avrokuboklarla paralel (üstəgəl, heyətin böyük hissəsinin millidə də aparıcı rollarda olması) çempionatı da bərabər səviyyədə keçirə bildi və buna məhz yetərli ehtiyat skamyası, doğru siyasət, doğru hazırlıqla nail olmağı bacardı. O da ancaq-ancaq... 14-cü turda “Zirə” ilə oyundan sonra Qurban Qurbanov oyunçularının çox yorulduğunu, yaxşı istirahətə ehtiyacları olduqlarını ifadə etdi. Dediyimiz kimi, hansı komandada oynamasından asılı olmayaraq, futbolçular robot deyillər, mütləq bərpaya ehtiyacları var.
YAYI QIŞDA “GƏTİRMƏK”
Bura qədər yazdıqlarımızdan aydın olur ki, hədəfin doğru seçilməsi və buna uyğun heyətin doğru qurulub-planlaşdırılması çox vacibdi. İşə də indidən başlamaq lazımdı. Hər keçən gün itkidi, gələcəkdəki uğurlardan gün alır. Bəs nə etməli? “Neftçi”nin 2022-ci il üçün hədəfi nədi? İki istiqamətdə - çempionat və avrokubok baxımından müzakirə edək və cavab tapmağa çalışaq.
1. Çempionluq
Mümkünsüz deyil, ancaq inandırıcı da görünmür. “Qarabağ” çox yaxşı formadadı və avrokuboklarda intensiv çıxış edə-edə belə əsas rəqibini 11 xal üstələməyi bacarıb. “Köhlən atlar” ümumiyyətlə bütün fikrini çempionata yönəltsələr, qızıl medalları kiməsə verməsi real deyil. Burda “Neftçi” üçün yeganə şans elə avrokuboklardı. “Qarabağ”ın başı yazda beynəlxalq arenada nə qədər çox qarışsa, bundan istifadə etmək imkanı daha çox olacaq. Amma yarışda ağdamlılardan başqa komandalar da var. “Qəbələ” və “Zirə”yə son dövrəni əla keçirən “Sabah” da qoşulub, mübarizə yetərincə qaynar olacaq.
2. Konfrans Liqasına vəsiqə
Realdı, doğru hədəfdi. “Qarabağ”ın arxasınca düşüb bu il olduğu kimi yenə sonda eniş yaşamaq və hətta avrokuboklardan da olmaq faciə olardı. Bəli, “Neftçi” üçün qızıl medallardan başqa nəticə uğursuzqluqdu. Ancaq işə soyuq başla yanaşmaq lazımdı: indiki resursu komandaya çempionluğa oynamaq imkanı vermir. Hətta qışda ehtiyat qüvvə gücləndirilsə belə, bunun öz effektini verməsi yetərincə vaxt alacaq. Belədə Əli aşından da olmaq olar, Vəli aşından da.
İlk addım: yanvarda bütün resurslar səfərbər edilib komandaya azı 3-4 yaxşı futbolçu (həm yerli, həm əcnəbi) alınmalıdı. Doğrusu budu. İyunda avrokuboklarda yenidən rəzil olmamaq üçün yanvarı yaxşı keçirmək gərəkdi. Alınacaq futbolçular çempionatın ikinci yarısında uyğunlaşma prosesi keçməli, Avropa səhnəsinə optimal formada yaxınlaşmalıdılar. Yalnız bu halda “Neftçi” layiq olduğu uğuru əldə edə bilər. Yoxsa yenə iyulda futbolçu alıb formaya düşməsi və effektiv olması üçün dekabrı gözləmək lazım gələcək. Bu ssenarinin sonunda nələrin baş verdiyini yuxarıda qeyd etdik.
Rəhbərlik hazırkı heyəti yetərli saya və xırda dəyişikliklərlə gələn avrokubok mövsümünə bu oyunçularla getmək qərarını da verə bilər. Hə, bu da bir seçimdi, amma səhv seçimdi. Bu “Neftçi”nin Konfrans Liqasında maksimum iki tur keçməyə gücü çatar. O da püşk uğurlu olsa. Nəzərə alsaq ki, komandanın reytinqi o qədər də yüksək deyil, buna da ümid etmək olmaz. Yəni belə bir fikir varsa da, beyindən çıxartmaq lazımdı.
Daha bir kiçik məqam: niyə məhz yanvarı qeyd etməyimizin başqa, çox vaxt yaddan çıxan bir səbəbi də var. “Neftçi” əsasən SOCAR-dan maliyyələşir, o da dövlət qurumudu. Büdcəsi əvvəlcədən təsdiqlənir, yanvarda ayrılır, gedişatda maliyyə almaq nisbətən çətindi. Ona görə də klub rəhbərliyi illik planı indidən qurmalı, startdaca güclənərək il ərzində gedişatı sadəcə tənzimləməlidi. Yoxsa yayda yenə əlavə pul üçün qapılarda qalmaq ehtimalı var.
Son söz də budu ki, yayı qışda gətirmək gərəkdi. “Neftçi” çox yox, cəmi bir ildən sonra flaqman statusunu geri qaytara, dövlət başçısından tərif ala bilər. Qeyri-mümkün bir iş deyil. Bunun üçün isə elə indi – bu gün başlamaq lazımdı. Sabah gec olacaq.
Kənan Məstəliyev, Rekord.az