“Neftçi” gürcülərə nəyi isbatlamalıdı?
- 24 İyn 2021 12:45
- 1290
“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi Tbilisi “Dinamo”sunun kapitanı Giorqi Papava “Qəbələ”ni məğlub etdikləri görüşləri yaxşı xatırladığını deyib. Bəli, bizim üçün xeyli acı həqiqətdi. Bu qarşılaşmalar 2019-cu ilin yayına təsadüf etmişdi. Avropa Liqasının ikinci təsnifat mərhələsində “Dinamo” “qırmızı-qaralar”ın rəqibi idi. Hər iki görüşdə gürcülər inamlı qələbə qazandılar, Qəbələdə 2, Tbilisidə isə 3 dəfə komandamızın qapı toru silkələndi. Bu qolların heç birinə cavab verə bilmədik. Təəssüf ki, “Dinamo” zəifləmiş, aparıcı oyunçularını və baş məşqçi Roman Qriqorçuku itirmiş komandaya rəqib oldu. Belədə əyalət təmsilçisi acı məğlubiyyətdən də qaçmağı bacarmadı.
28 yaşlı gürcü futbolçu təkcə bu qarşılaşmaları xatırlasa da, bizim yaddaşımız onun yaddaşı qədər zəif deyil. Ona görə də biz “Qəbələ”nin elə həmin “Dinamo”nu Avropa Liqasında necə yolundan kənarlaşdırmasını, sonra da Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlməsini yaxşı xatırlayırıq. “Qəbələ”nin “Samtrediya”nı “Bakcell Arena”da 5:1 hesabıyla darmadağın etdiyi oyunu da unutmamışıq. Elə həmin “Samtrediya” Çempionlar Liqasında “Qarabağ”a rəqib olmuşdu. Üzərindən elə də uzun zaman keçməyib ki, yaddaşlardan silinsin. Cəmi 4 il bundan əvvəl “Qarabağ” Gürcüstan çempionu “Samtrediya”nın daşını-daş üstə qoymamışdı. Bakıda rəqibin qapısına beş cavabsız top vuran “köhlən atlar” Gürcüstandan da “quru hesablı” qələbə ilə dönmüşdülər. Bütün bunları Papava da bilməmiş deyil. Sadəcə, özünə sərf edən nəticələri dilinə gətirir, xoş olmayan nəticələri unutmuş kimi danışır.
Taleyin qismətidi ki, Gürcüstan çempionu yenidən bizə rəqib olub. Bu dəfə tarix yazmaq öhdəliyi “Neftçi”nin üzərindədi. Düzdü, yaxın keçmişdə “Neftçi”nin də gürcülər üzərində unudulmaz qələbəsi var. Məhz “Zestafoni”ni yolundan kənarlaşdıran “xalq komandası” sonradan Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlmiş, futbol tariximizə yeni səhifə yazmışdı. Tarixi təkrarlamaq heç də pis olmazdı. Heç kimə sirr deyil ki, gürcülərlə bizim aramızda bir çox sahələrdə qonşuluq rəqabəti var. Mən bu rəqabəti başqa istiqamətlərə çəkmək fikrində deyiləm. Rəqabətin olması normal haldı, hər kəs istəyir ki, qonşusundan yaxşı olsun. O cümlədən də gürcülər öz ölkələrinin futbol flaqmanı saydıqları “Dinamo”nun “Neftçi”dən yaxşı olduğunu iddia edirlər. Bəli, “Dinamo”nun SSRİ dönəmində qazandığı uğurlara, yetişdirdiyi adlara biz həsrətlə baxırıq. İndi dövran dəyişib, SSRİ də çoxdan dağılıb.
Təəssüflər olsun ki, biz hələ də “Neftçi”nin yetirmələrinin “Dinamo”dan səviyyəli və çox olduğunu iddia edə bilmirik. Uşaq futbolu, klub infrastrukturu bizim yaralı yerimizdi. Amma bu müqayisəni əsas komandaların gücü, büdcəsi, maddi imkanları arasında aparsaq, əminliklə “Neftçi”nin azı bir addım öndə olduğunu söyləyə bilərik. Bizim “xalq komandası”nın büdcəsi daha çoxdu, legionerləri və yerli futbolçuları daha çox qazanırlar. Yəqin ki, bu məqamla bağlı heç kim mübahisə etmək fikrinə düşməz. “Neftçi” – “Dinamo” duellərini prinsipial edən həm də gürcüləri çalışdıran məşqçinin kimliyidi. Kaxaber Tsxadadzeni yaxşı tanıyırıq. Xarakteri, özünəvurğunluğu bəlli məsələlərdi. Özünü həmişə azərbaycanlı məşqçilərdən üstün sayıb. Deməli, “Neftçi”nin “Dinamo”ya, Samir Abasovun Kaxaber Tsxadadzeyə isbatlamalı olduğu mətləblər yetərincədi. Zaman gedir, oyun günü sürətlə yaxınlaşır. Məsuliyyətli olmaq, gürcülərə öyünmək üçün fürsət verməmək vacibdi, əziz dostlar!