Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi"nin transferini açıqlamağa hazırlaşdığı legioner müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, Portuqaliya çempionatında çıxış edən Harramizdi.

Tam adı Harramiz Quyeta Ferreyra Soares olan 31 yaşlı cinah yarımmüdafiəçisi "Eştoril"də çıxış edib. San-Tome və Prinsipi millisinin üzvüdü. Afrikalının flaqmana mümkün keçidi ilə bağlı məlumatı dəqiqləşdirmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. O, transfer məsələləri ilə bağlı hələ ki dəqiq məlumat olmadığını söylədi.

Lakin redaksiyamıza daxil olan informasiyaya görə, “ağ-qaralar” Harramizin keçidini həll etmək niyyətindədi. Amma “Neftçi” futbolçu ilə rəsmi müqavilə bağlamayıb. Çünki 31 yaşlı yarımmüdafiəçinin "Eştoril"lə müqaviləsinin müddəti bitməyib. Klub rəsmiləri anlaşma qüvvədən düşəndən sonra afrikalının keçidini rəsmən elan edəcək. ("Futbol plus")