"Neftçi" - "Qarabağ" oyununun favoriti kimdir? - Sürpriz olmayacaq... (SORĞU)
- 01 Noy 2019 12:20
- 904
Bu gün Azərbaycan Premyer Liqasının X turu çərçivəsində mövsümün ən maraqlı qarşılaşmalarından biri olan "Neftçi" - "Qarabağ" matçı keçiriləcək.
Bəs "Neftçi" - "Qarabağ" qarşılaşması mövsümün oyunu sayıla bilərmi? Bu görüşdə hansı tərəf daha şanslıdır? "Qarabağ" qələbə qazanıb, xal fərqini 11-ə çatdıraraq çempionatı erkən bitirə bilərmi?
Bu sualları idman mətbuatının nümayəndələrinə ünvanladıq. Respondentlərimizin Sport7.az-a fikirlərini təqdim edirik:
Rəşad Ergün (Komanda.az): "Azərbaycan Premyer Liqasinda nə derbi, nə də "mövsümün oyunu" anlayışı qalıb. "Qarabağ" "Neftçi" qarışıq qalan bütün komandalardan xeyli üstündür. Bu görüşü də "mövsümün oyunu" adlandırmaq özünü aldatmaqdan başqa bir şey deyil. Bir halda ki, hamı "Qarabağ"ın asanlıqla çempion ola biləcəyini bilir, nə mövsümün oyunu? Bu oyunun nəticəsindən asılı olmayaraq, "Qarabağ" "Neftçi"dən güclüdür. Xal fərqi 5 də olsa, 11 də olsa... Çempionluq mübarizəsi çempionat başlayanda bitib, Avropa Liqasına vəsiqə yerlər uğrunda mübarizədən kimlərin qalib çıxacağını gözləyirik".
Rüstəm Əfsərli (CBC Sport): "Mövsümün oyunu" demək üçün, məncə, bir az tezdir. Nə olursa, olsun, 11 xallıq fərq yaransa belə, yenə də irəlidə vaxt olacaq mübarizə aparmağa. O, başqa məsələdir ki, "Neftçi"nin gücü və möhkəmliyi çatacaqmı? Bakılılar yaxşı formadadır, amma "Qarabağ" özü də pis formada deyil. Bununla belə, bu cür oyunlarda ön plana daha çox psixologiya çıxır. "Neftçi"yə azacıq üstünlük verən məsələ "Qarabağ"ın irəlidəki Kipr səfəridir, amma yenə də düşünürəm ki, ağdamlıların hətta belə vəziyyətdə belə onlara sərf eləyəcək nəticəni əldə eləmək üçün resursu var. "Qarabağ", məncə, favoritdir".
Tərlan Şahinoğlu (İdman Azərbaycan): "Özüm "Neftçi"ni dəstəkləsəm də, etiraf edim ki, hazırda Azərbaycan çempionatında "Qarabağ" heyətinə görə bütün komandalardan üstündür. Məhz bu səbəbdən son illərdə çempionluq uğrunda demək olar ki, rəqabət yoxdur. Ötən mövsümdə "Neftçi" bir ara zirvəyə şərik olsa da, orada yerini qorumağa gücü çatmadı. Nəticədə mövsümün sonunda çempion dəyişmədi. Bu mövsümdə də çempionluğa ən böyük namizəd şübhəsiz yenə "Qarabağ"dır. Amma çempionatımızın dadı qaçmasın deyə, "Neftçi" gərək qarşıdakı oyunda qələbə qazansın. Amma bunun ehtimalı elə də çox deyil. Favorit Qurban Qurbanovun komandası sayılsa da, oyunla bağlı şəxsi proqnozum "heç-heçə"dir".
Kənan Məstəliyev (Rekord.az): "Bu matçı mövsümün yox, uzaqbaşı dövrənin mərkəzi matçı saymaq olar. Çünki mövsüm çoxdan bitib, qalibi də məlumdur, hazırda turnir cədəvlinə başçılıq edir. Oyunun özü isə tərəflər üçün müxtəlif dərəcədə prinsipialdır, "Qarabağ" qalib gəlməklə xal fərqini artıra, lap dəqiq desək, rəhmətə getmiş intriqanın son həyat siqnallarını da söndürə, bundan sonra Avroliqa matçlarına daha rahat köklənə bilər. "Neftçi" üçün isə bu, azarkeşləri, öz ictimaiyyəti qarşısında düşdüyü durumdan xilas olmaq üçün əla şansdır. Və əminəm ki, "ağ-qaralar" bu imkandan maksimum yararlanmağa çalışacaqlar. Matçın özü çox maraqlı keçəcək. Adətən "Qarabağ"ın "Neftçi" ilə oyunları alınmır. Meydan sahibi də, arada xal fərqi böyük olsa da, psixoloji baxımdan üstün tərəf də bakılılardır. "Neftçi"nin qalib gəlmə ehtimalı böyükdür və əslində, qeydə alınacaq heç bir nəticə təəccüblü və sürpriz olmayacaq".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi” – "Qarabağ” oyunu saat 20:00-da start götürəcək.
Sport7.az