“Neftçi”nin durumu yenə yaxşı deyil. Ölkə kubokunun 1/4 final mərhələsində bütün komponentlərdə özündən qat-qat zəif “Sumqayıt”a boyun əyən bakılılar premyer-liqanın turnir cədvəlində əsas rəqibi olan “Qarabağ”dan 6 xal geridədi. Heç şübhəsiz, mövcud durum azarkeşlər kimi, klub rəhbərliyi ilə sponsorları da razı salmır. Komandanın başında əcnəbi mütəxəssisdi, heyət də göz oxşayır. Yadadılan şəraitə isə söz ola bilməz. Bircə qalır nəticə vermək, titul qazanmaq ki, bu da heç cür alınmır.
Nəticə olmayan yerdə əsas günahkar baş məşqçidi. Klubdakı əsas söz sahibləri də bunun fərqindədi deyə, müqaviləsinin müddəti mayda bitəcək Bordinlə indidən vidalaşmaq istəyirlər. Bu isə heç də asan məsələ deyil. Əldə etdiyimiz bilgiyə görə, legioner çalışdırıcının aylıq əməkhaqqısı 30 min dollar civarındadı. “Neftçi”nin başbilənləri müəyyən vəsait ödəməklə italyanı yola salmağa çalışsalar da, səbəbkar ona çatacaq pulun hamısına sahib olmaq istəyir. Başqa cür desək, 1 manat da güzəşt etmək fikrində deyil. Ona görə də Müşahidə Şurasının bir araya gəlib qərar verməsi vacibdi. Şura üzvü Səməd Qurbanovun qəzetimizə müsahibəsində dediyi kimi, ya yola salınmalı, ya da çempionatla bağlı qarşısına konkret tələb qoyulmalıdı. Amma əsas məqsəd xarakterində ciddi nöqsanlar olan mütəxəssislə yolları ayırmaqdı.
İş burasındadı ki, “Neftçi”nin dərdi təkcə baş məşqçi məsələsi ilə bitmir. Eyni durum bəzi futbolçularla da bağlıdı. Məsələn, Bordin işini davam etdirəcəyi halda, indidən bəzi futbolçular yola salınmalıdı. Evangelis Platellas və Dario Federiko ilə “ulduzu barışmır”, Mamadu Mboc isə ehtiyatda qalır. Təbii, bu hal nə rəhbərliyi, nə də futbolçuları razı salır. Bordin qalacaqsa, adı çəkilənlərlə dil tapılmalıdı. Yox, Bordin göndərilsə, yeni gələcək baş məşqçinin istəyi həlledici rol oynayacaq. Qısası, bu gün “Neftçi”də cavabsız suallar çoxdu, vəziyyət ürəkaçan deyil.
Bu dəqiqə sıravi işçidən tutmuş ən vacib oyunçuya qədər hamı Müşahidə Şurasının iclasını və veriləcək qərarı gözləyir. Həmin iclasın nə vaxt baş tutacağı isə sual altındadı. Zamanla bağlı suala aydınlıq gətirmək üçün “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi aradıq: “Bu, Müşahidə Şurasının rəhbərliyindən asılı olan məsələdi. İclasın vaxtı ilə bağlı qərarı şuranın rəhbərliyi verəcək. Ona görə də dəqiq tarix, saat deyə bilmirəm. Amma mütləq və mütləq toplantı olmalıdı. Bilmək olmaz, bəlkə 2 saatdan sonra oldu və ya axşam saatlarında, ya da sabah, birisigün. Hər halda, iclasın detalları ilə bağlı ictimaiyyətə məlumat veriləcək". ("Futbol plus" qəzeti)