Qalmaqallar "Neftçi"ni başına götürüb, bitmək bilmir. Dario Frederikonun Roberto Bordini söydüyünü xəbər vermişdik. Braziliyalı yarımmüdafiəçi bu hərəkəti səbəbindən Antalya toplanışına aparılmadı. Stiven Monroz baş məşqçi və rəhbərliklə yola getmədiyindən pasportunun itməsini bəhanə gətirib Türkiyə səfərinə hamıdan sonra yollandı.

"Rekord.az" xəbər verir ki, bu dəfə Baqali Dabo düşərgəni bir-birinə qatıb. Fransalı hücumçu "Lodz"la yoxlama oyununun (0:4) 20-ci dəqiqəsində əvəzlənməsinə sərt reaksiya verib.

Əvvəl də italyan mütəxəssislə ulduzu barışmayan forvard yenə dilini dinc qoymayıb. O, meydandan çıxandan sonra Bordini acılayıb, paltardəyişmə otağında isə onun üzərinə yeriyib.

Erkən əvəzlənməsini özünə qarşı təhqir sayan sabiq "Qəbələ"li baş məşqçinin yaxasından yapışmağa cəhd göstərib, onu qarşısındakı şəxsdən güclə aralayıblar.

Komandadaxili iclas bu üzdən çox gərgin keçib. Hirsi soyumayan Dabo italyanı qərəzli münasibətdə ittiham edib, ünvanına aşağılayıcı ifadələr işlədib. (sportinfo.az)

 

Klub artıq bu məsələyə rəsmi reaksiya da verib.  "Dabo ilə baş məşqçimiz Bordin arasında mətbuatda yazıldığı kimi münaqişə olmayıb. Hər şey qaydasındadır". Bu sözləri Sport7.az-a "Neftçi" klubunun mətbuat katibi Rüstəm Allahverdiyev klubun düşərgəsində futbolçu Baqali Dabo ilə baş məşqçi Roberto Bordin arasında qalmaqal yaşandığına dair xəbərinə münasibətində bildirib.
 
Klub rəsmisi yayılan bu xəbərləri təkzib edib və hazırda komanda daxilində heç bir problemin olmadığını, əksinə ab-havanın normal olduğunu vurğulayıb.
 
Allahverdiyev onu qeyd edib ki, bəzi mətbu orqanlarda "Neftçi" ilə bağlı son vaxtlar yayılan xəbərlərin 99 %-i əsassız şaiyələrdir: "Komanda daxilində ab-hava normaldır. Futbolçular və məşqçilər korpusu arasında heç bir problem yoxdur.
 
Ümumiyyətlə, həmin məlumatı yayımlayanların son vaxtlar bizim haqqımızda yazdığı yazıların 99 %-i yalnışdır. Guya məşqçi 250 min dollar bizdən pul istəyib, SOCAR-a dəvət edilib, futbolçumuz Mirabdulla gecə həyatı yaşayır və yeni müqavilə imzalananda ona bununla bağlı şərt qoyulub ki, gecə həyatına son versin və s. kimi xəbərlər buna misaldır.
 
Bütün bu informasiyaların hamısı yalandır və həqiqəti əks etdirmir. Sadəcə biz bu cür aparılan çirkin qarayaxma kampaniyasının məlumatlarına açıqlama vermək istəmirik. Çünki azarkeşlərimiz nəyin doğru, nəyin yalan olduğunu yaxşı bilir. Bu xəbərləri oxuyan hər kəs görür ki, bu cür xəbərləri ya özləri təkzib edir, ya da bir müddətdən sonra həqiqət olmadığı üzə çıxır. "Neftçi” ictimaiyyətə qapalı bir klub deyil. Komanda ilə bağlı istənilən sorğu cavablandırılır və münasibət bildirilir".