"Neftçi"ni nə sevindirdi: təcrübə, yoxsa bəxt?
- 27 Apr 2023 10:10
- 7811
“Neftçi” ölkə kubokunun finalına yüksəlib. O qədər də yaxşı keçməyən mövsümün finalında kuboku qazanmaq zəif təsəlli üçün heç də pis deyil. Bəli, “ağ-qaralar” onsuz da buna qədər mükafat qazanmağı təmin etmişdi. Rumıniyalı çalışdırıcı Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv hazırda turnir cədvəlinin 3-cü pilləsində “möhkəmlənib”, ən yaxın izləyicisi “Qəbələ” onlardan 16 xal geri qalır. Bu böyük fərqin qalan turlar ərzində qapanması riyazi baxımdan mümkünsüzdür. Deməli, “Neftçi” ən azından bürünc medallar qazanmağı və UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Amma bu məqamın özü belə mövsümü uğurlu adlandırmaq, çılğın sevinc hisslərinin təsiri altında bihuş olmaq üçün yetərli deyil. 31 turdan sonra “Neftçi”ni lider “Qarabağ”dan 17 xal, ikinci yerdəki “Sabah”dan isə 10 xal ayırır. Üçüncü yer tutmaq, bürünc medal qazanmaq faciə deyil, müəyyən mənada uğur da sayıla bilər. Di gəl ki, “Neftçi” boyda adı daşıyan, tarixi ilə öyünən, maddi baxımdan heç də çətinlik çəkməyən bir klubun turnir cədvəlinin liderlərindən açıq-aşkar geri qalması, çempionluq yarışında belə erkən ağ bayraq qaldırması heç də ürəkaçan görüntü deyil. Fərq üç, yaxud da beş xal olsa, demək mümkündür ki, “Neftçi” çempionluq uğrunda mübarizə aparıb, iddialarını qoruyub. İndiki halda isə bunu demək olmur.
“Neftçi”nin “Qarabağ”la “Sabah”dan açıq-aşkar geri qalması təkcə bu böyük xal fərqi ilə ortaya çıxmır. “Ağ-qaralar” mövsüm ərzində bu iki komandaya qarşı keçirdiyi oyunların heç birində meydandan qələbə ilə ayrıla bilməyib. Bu faktın özü də acınacaqlı statistikadır. “Sabah” hər üç qarşılaşmada “Neftçi”ni xalsız qoyubsa, “Qarabağ” fevralın 27-də keçirilən oyunda Regekampfın və onun futbolçularının bir xala sevinməsinə imkan verib. Bütün bunlar onun göstəricisidir ki, “Neftçi” bu mövsüm çempionluq yarışından haqlı olaraq kənarda qalıb, komandanın oyun səviyyəsi yüksək rəqabət üçün yetərli deyil. Özü də söhbət təkcə futbolçuların səviyyəsindən getmir. “Neftçi”nin məşqçilər korpusundan tutmuş heyətin komplektləşdirilməsinə qədər bütöv bir sistem bu cür rəqabətə cavab verəcək səviyyədə deyildi.
Elə bunun da nəticədir ki, “ağ-qaralar” ölkə kubokunun finalına gedən yolda da xeyli çətinliklə üzləşdilər. Tovuzdan minimal hesablı məğlubiyyətlə dönən “Neftçi” öz vəziyyətini xeyli qəlizləşdirmişdi. Cavab oyununa hesabda geridə başlayan “Neftçi” yaxşı qapanan “Turan Tovuz”un müdafiəsini yarmağa çətinlik çəkdi. Komandalar 90-cı dəqiqəni qolsuz heç-heçəylə başa vurunca, qonaqlar finala daha yaxın tərəfə çevrilmişdi. Möcüzə məhz əsas vaxta əlavə olunmuş 7 dəqiqənin ərzində baş verdi. İndi çoxlarını bu sual düşündürür. “Turan Tovuz”da nə çatmadı, yaxud da “Neftçi” finala nəyin sayəsində adladı? Meydan sahiblərinin bəxti gətirdi, yoxsa yarımfinal cütünün taleyini təcrübə həll etdi? Bu suala cavab tapmaq çox çətindir. Bəlkə də hər iki amilin təsiri oldu. Amma şəxsi qənaətimdir ki, bu iki amildən daha vacibi kapitan Emin Mahmudovun səviyyəsi, inadkarlığı və təslim olmaması “Neftçi”ni finala daşıdı. “Turan Tovuz”un heyətində finalı Emin qədər istəyən, uğura onun qədər inanan və lider keyfiyyətlərinə sahib futbolçu yox idi.
Odur ki, bəxtdən, təcrübədən danışanda mütləq Emin Mahmudovu yada salmaq lazımdır. “Neftçi”ni finala Emin Mahmudov çıxardı!